Borçalıda İran bayrağı qaldırıldı? – Xəritədən torpaqlarımızı sildilər
Marneuli imamcüməsinin milli ritorikası kimə xidmət edir və Mübariz Əhmədoğlunun yanlış ünvana atdığı daş əslində kimə dəyməli idi
Eyni həftənin iki səsi
Noyabrın son günlərində Borçalı ilə bağlı iki mövzu Azərbaycan və Gürcüstan azərbaycanlılarının media məkanını bürüdü. Birincisi politoloq Mübariz Əhmədoğlunun sosial şəbəkədə yayılan çıxışı idi. O, İrəvandakı Göy məscidin taleyinə etiraz etmədikləri üçün Borçalı azərbaycanlılarını ittiham etdi və “Ar olsun Borçalıda yaşayan kişilərə” dedi. Bu sözlər bölgədə və Bakıda sərt reaksiya doğurdu.
İkinci mövzu 20 noyabrda Marneulidən gəldi. Marneuli Mərkəzi Həzrət İmam Əli məscidinin axundu, imamcümə Hacı Hacıyev cümə xütbəsində şəhər rəhbərliyini fəaliyyətsizlikdə ittiham etdi, bərbad yollardan, illərlə çəkilən kanalizasiyadan, Qızılhacılı və Candar kəndlərinin vəziyyətindən danışdı. Xütbənin ən çox yayılan cümləsi bu oldu:
“Ya bu millətin günahı nədir? Müsəlman olmağıdır, azərbaycanlı olmağıdır, nədir bu millətin günahı?”
Bu iki mövzunu yan-yana qoyanda maraqlı mənzərə yaranır. Bir tərəfdə Borçalını milli məsələyə biganəlikdə günahlandıran politoloq dayanır. Digər tərəfdə “millət”, “azərbaycanlı” sözlərini minbərdən səsləndirən din xadimi. Sual bu iki səsin arasındadır: Borçalıda milli məsələ adından kim danışır və o, hansı milli məsələdə susur?
Əhmədoğlunun daşı və Borçalının cavabı
Mübariz Əhmədoğlunun çıxışına reaksiya gecikmədi. “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənovun imzası ilə yayılan bəyanatda “Ar olsun Borçalıda yaşayan kişilərə” ifadəsi qınandı, bütöv bir elin kişilərini bir neçə nəfərin mövqeyinə görə mühakimə etməyin təhqiramiz olduğu vurğulandı və politoloqdan üzr istəməsi tələb olundu. Əli Babayev politoloqa üzr istəməsi üçün ultimatum verdi, əks halda məhkəməyə müraciət edəcəyini bildirdi. Babayevin fikrincə, ayrı-ayrı şəxslərlə bağlı şübhə varsa, onların adı və konkret faktlar göstərilməlidir. Axar.az-da İlqar İlkin, Təzadlar.az-da Musa Nəbioğlu sərt cavab yazıları dərc etdi.
Bu reaksiya haqlıdır. 1980-ci illərin sonundan bəri ən ağır sınaqlara baxmayaraq yurdunda qalan, Gürcüstanda azərbaycanlı varlığını qoruyan Borçalı kişisini toptan ittiham etmək ədalətsizdir və heç kimə fayda vermir. Əhmədoğlunun xətası formada və ünvandadır. Onun qaldırdığı sualın özü isə yerindədir və cavab gözləyir: Göy məscid məsələsində Borçalıdan niyə səs çıxmadı?
Borçalı əkinçisindən, tacirdən, müəllimdən, ailəsini dolandırmaq üçün Rusiyaya, Türkiyəyə üz tutan gəncdən bu sualın cavabını gözləmək ədalətsizdir. Bölgədə ictimai rəyə ən güclü təsir göstərən minbərlər var. Hər cümə minlərlə insana müraciət edən, “millət” adından danışmağı özünə vəzifə bilən din xadimləri var. Sual onlara verilməlidir.
Göy məsciddə nə baş verdi
Noyabrın 11-də Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayrı-ayrı bəyanatlar yayaraq İrəvandakı Göy məsciddə baş verənlərə etiraz etdi. Məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adı verilmiş, zalda büst qoyulması təşəbbüsü irəli sürülmüşdü. QMİ bunu müsəlman dini mərasimi ilə bir araya sığmayan vandalizm və təxribat adlandırdı. Dövlət Komitəsi bu cəhdlərin Göy məscidin tarixi-mədəni kimliyini arxa plana keçirməyə və abidəni başqa mədəniyyətə aid kimi təqdim etməyə xidmət etdiyini bildirdi.
Göy məscid 1760-1766-cı illərdə İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə tikilib və bir vaxtlar Qafqazın ən böyük məscidi sayılırdı. İrəvanın Azərbaycan şəhəri olduğunu xatırladan sonuncu böyük abidədir.
Məsələnin ikinci tərəfi daha az danışılır. Ermənistan hökuməti 2015-ci il dekabrın 10-da qərar qəbul edərək Göy məscidi və onun ərazisini 99 il müddətinə təmənnasız istifadə üçün İranın Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi verib. Məscidin 1990-cı illərdəki bərpası da İranın vəsaiti ilə aparılıb. Bu ilin noyabr ayının əvvəlində İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında yayılan videoda Göy məscid İranın mədəni irsinin nümunəsi kimi təqdim edildi.
Yəni Azərbaycan irsinin “erməniləşdirilməsi” Tehranın idarə etdiyi binada, Tehranın susqunluğu fonunda baş verir. Bu abidənin kimliyi uğrunda mübarizə iki cəbhədə gedir: erməni təhrifinə və İran mənimsəməsinə qarşı.
Tehranın İrəvandakı “İslam həmrəyliyi”
İranın Göy məscidlə bağlı mövqeyi onun Ermənistan siyasətinin davamıdır. Tehran özünü dünya şiələrinin və müsəlmanlarının hamisi kimi təqdim edir. Ancaq otuz il ərzində Qarabağda Ermənistan işğalı altında dağıdılan, təhqir olunan məscidlər barədə İranın səsi demək olar ki, eşidilmədi. Ağdam Cümə məscidinin tövləyə çevrilməsi, Şuşa, Zəngilan, Füzuli məscidlərinin xarabalığa döndərilməsi Tehranın “İslam həmrəyliyi” gündəmində yer tutmadı.
Əksinə, İran bu illər ərzində Ermənistanla siyasi və iqtisadi əlaqələrini genişləndirdi. 2020-ci ildəki Vətən müharibəsindən sonra Tehran Azərbaycanın Naxçıvanla quru əlaqəsini nəzərdə tutan Zəngəzur dəhlizinə qarşı çıxdı, regionda sərhədlərin dəyişməsini “qırmızı xətt” elan etdi. 2022-ci ilin oktyabrında Ermənistanın Qafan şəhərində İranın baş konsulluğu açıldı. Göy məscid də bu siyasətin mədəni vitrinidir: Tehran Azərbaycan abidəsini “İran irsi” kimi təqdim edərək İrəvanda öz mövcudluğunu möhkəmləndirir.
Bu fonda İranın təsir şəbəkəsinə bağlı din xadimlərinin Göy məscid məsələsində susması məntiqli görünür. Onlar Tehranın susduğu yerdə susur, Tehranın danışdığı yerdə danışırlar. Fələstindən, Livandan, Yəməndən danışan minbərlər qonşu İrəvandakı Azərbaycan məscidinin taleyinə gəldikdə dilsiz qalır.

Marneuli minbərində Göy məscidə yer tapılmadı
Hacı Hacıyevin 20 noyabr xütbəsi Göy məsciddəki təxribatdan doqquz gün sonra oxundu. Həmin xütbədə “millət” sözü dəfələrlə səsləndi, “azərbaycanlı olmağımız günahdır?” sualı qoyuldu, “Allahın evinin yolu” xatırlandı. Göy məscid isə bu xütbədə yox idi. Açıq mənbələrdə imamcümənin İrəvandakı Allah evinin başına gətirilənlərlə bağlı bir cümləsini də tapmaq mümkün olmadı.
Bakıda QMİ, Dövlət Komitəsi, ziyalılar, deputatlar, hətta şairlər bu barədə danışdı. Marneulinin “millət” deyən minbəri isə Allah evinin yoluna salınacaq asfaltla məşğul idi.
Burada seçici həssaslıq aydın görünür. Milli hiss Gürcüstanın yerli hakimiyyətinə qarşı lazım olanda işə düşür. Hədəf meriya, sakrebulo, bələdiyyə deputatları olanda “azərbaycanlı olmağımız günahdır?” sualı minbərdən səslənir. Milli məsələ İranın maraqlarına toxunanda bu hiss susur. Azərbaycan irsini Tehranın icarəsindəki binada erməni şairinin adına çevirəndə Marneulidən səs çıxmır.
Mübariz Əhmədoğlunun daşı bax buraya dəyməli idi.
Milli məsələ ilə alver
Bu seçicilik təsadüfi görünmür. Hacı Hacıyev Gürcüstanın dini həyatında tanınmış simadır və onun çıxışları geniş yayılır. O, lazım olanda düzgün sözləri deməyi bacarır. 2025-ci ilin noyabrında Tbilisidə Dmanisi və Qaraçöpdən olan azərbaycanlı gənclərə qarşı etnik zəmində törədilən zorakılığı xütbəsində pislədi. Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin şəhidlərinə görə başsağlığı verdi. Mərhum səfir Dursun Həsənovun xatirə mərasimində çıxış etdi.
Bütün bu çıxışlar ictimai rəyin diqqət mərkəzində olan, imamcüməyə “milli mövqeli din xadimi” imici qazandıran məqamlardır. Göy məscid isə seçim tələb edən məsələdir. Burada danışmaq Tehranın mövqeyinə qarşı çıxmaq demək idi.
İmamcümənin ətrafına baxanda bu seçimin məntiqi anlaşılır. Gürcüstan azərbaycanlılarının mediasında yayılan xəbərlərə görə, Hacı Hacıyev Marneulidə Gürcüstan İslam Araşdırmalar Mərkəzinin təşkil etdiyi dini tədbirdə İranın Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstan nümayəndəsi Hacı Həsən Yusifzadə ilə birlikdə iştirak edib. Əl-Mustafa Universiteti 2020-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələri üçün kadr toplamaqda ittiham olunaraq sanksiya siyahısına salınıb. Noyabrın ortalarında İranyönlü “Şəfəqna” agentliyi Hacıyevi Tbilisi Əhli-Beyt məscidində Həzrət Zəhranın şəhadət məclisinin xətibi kimi təqdim edirdi.
Bunların heç biri tək götürüldükdə cinayət sayılmır. Din xadimi dini tədbirlərdə iştirak edə, dini mərasimlərdə xütbə oxuya bilər. Ancaq bu fonda “millət” ritorikasının harada işə düşüb, harada susduğuna baxanda mənzərə tamamlanır. Milli hiss burada valyuta rolunu oynayır: onu yerli hakimiyyətə qarşı xərcləmək imamcüməyə nüfuz qazandırır, Tehranın maraqlarına qarşı xərcləmək isə bu nüfuzun mənbəyini təhlükəyə atar.

Tehranın tanış ssenarisi
İranın şiə icmaları arasında işləmə metodu illərdir məlumdur. Əvvəlcə icmada məzlumluq hissi qidalandırılır. Sonra yerli dövlət bu məzlumluğun səbəbkarı kimi təqdim olunur. Daha sonra məscid icmanın yeganə müdafiəçisi və sözçüsü kimi önə çıxarılır. Son mərhələdə formalaşan sosial baza Tehranın siyasi rıçağına çevrilir.
Hacıyevin xütbəsindəki ardıcıllıq bu sxemə tam uyğun gəlir. Söhbət yoldan, kanalizasiyadan başlayır, “Qiyamət günü Allaha nə cavab verəcəksiniz?” sualından keçir, “müsəlman olmağımız, azərbaycanlı olmağımız günahdır?” sualı ilə bitir. Bələdiyyə laqeydliyi dini-etnik ayrı-seçkilik kimi təqdim olunur. Sonra camaata tapşırıq verilir: “10 nəfər, 15 nəfər getsin, görüş tələb etsin.” Təşkilatçı mərkəz məsciddir.
Britaniyanın Müharibə və Sülh Reportajları İnstitutu (IWPR) hələ 2005-ci ildə yazırdı ki, İrandan gələn vaizlər rəsmi olaraq fars dili və İslam tədris etmək üçün gəlsələr də, onların əsas hədəfi Kvemo-Kartlidəki azərbaycanlılardır və xeyriyyə fəaliyyəti arxasında siyasi niyyət gizlədilir. Aradan keçən iyirmi ildə bu proses dərinləşib. Bu ilin martında Azadlıq Radiosu İranın Gürcüstandakı təsirinin “Gürcü Arzusu” hakimiyyəti dövründə artdığını və İranpərəst əhval-ruhiyyənin Kvemo-Kartlidə də müşahidə olunduğunu yazırdı.
Tehranın Borçalıya marağı dini çərçivə ilə məhdudlaşmır. Bu ilin sentyabrında İranın Gürcüstandakı səfiri Əli Mocaninin paylaşdığı xəritədə Gürcüstanın şərq hissəsinin, yəni azərbaycanlıların sıx yaşadığı bölgənin göstərilməməsi diqqət çəkdi. Ekspertlər bunu bu ərazilərin keçmişdə İranın tərkibində olduğuna dair mesaj kimi qiymətləndirdi. Göy məscidi “İran irsi” adlandıran Tehran Borçalıya da öz tarixi “irsi” kimi baxır.
Azərbaycan bu ssenarinin sonunu öz təcrübəsində görüb. 2015-ci ildə Nardaranda dini şüarlar və sosial narazılıqla başlayan proses silahlı qarşıdurmaya qədər getdi. 2018-ci ildə Rusiyadan gələn Yunus Səfərov Gəncədə icra başçısına sui-qəsd törətdi. Azərbaycan hüquq-mühafizə orqanları dəfələrlə İranın himayəsi ilə Suriyada formalaşan “Hüseyniyyun” qruplaşmasının azərbaycanlılar arasından kadr topladığını açıqlayıb.
Bu alverin qiymətini kim ödəyir
Milli məsələ ilə aparılan bu alverin qiymətini sonda Borçalı azərbaycanlısı ödəyir.
Birincisi, Tiflislə münasibətlər zərər görür. Gürcüstan dövləti və cəmiyyəti azərbaycanlı icmanın məsciddən mobilizasiya olunduğunu, yerli hakimiyyətə qarşı tələblərin minbərdən səsləndiyini görəndə buna İran təsiri prizmasından baxır. İllərlə formalaşan dünyəvi, dövlətinə sadiq, Avropa yönümünü dəstəkləyən azərbaycanlı vətəndaş obrazı zərbə alır. Gürcü sosial şəbəkələrində azərbaycanlılara qarşı nifrət dilinin artdığını müşahidəçilər artıq qeyd edir.
İkincisi, Bakı ilə bağ zəifləyir. Göy məscid məsələsində QMİ ilə Marneuli minbəri arasındakı fərq simvolikdir. Bakı Azərbaycan irsini müdafiə edəndə Marneulinin ən nüfuzlu minbəri susursa, bu, Borçalının dini rəhbərliyinin istiqamətini göstərir. Mübariz Əhmədoğlu kimi insanların bütöv Borçalını ittiham etməsinin də bir səbəbi budur: minbərin susqunluğu xalqın susqunluğu kimi qəbul olunur.
Üçüncüsü, Borçalının real problemləri həll olunmur. Yollar, kanalizasiya, kəndlərin infrastrukturu həqiqətən acınacaqlı vəziyyətdədir. Bu problemlər dini-etnik qarşıdurma müstəvisinə keçirildikcə onların həlli çətinləşir. Yerli hakimiyyət bu tələblərdə xarici təsirin izini axtarır.
Əziz Əliyev
Beynəlxalq məsələlər üzrə ekspert