Amerikanın güc naziri Bakıya endi - Prezidentin masasında nə vardı...?
Noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü Vaşinqton-Bakı münasibətlərində təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, regional bağlantıların da ön plana çıxdığını göstərir.

Mullin bu ilin yanvarında Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü kimi Bakıda səfərdə olmuşdu. Budəfəki səfəri isə artıq ABŞ administrasiyasında daha yüksək vəzifədə - daxili təhlükəsizlik naziri kimi həyata keçirilib.
Səfərin diqqətçəkən tərəfi onun avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan razılaşmaların icrası mərhələsinə təsadüf etməsidir. Həmin sammitdən sonra ABŞ-nin Cənubi Qafqaz siyasətində sülh gündəliyi ilə yanaşı, regional nəqliyyat və iqtisadi bağlantıların qurulması da xüsusi yer tutmağa başlayıb. Mullinin TRIPP layihəsinin regional ticarət və bağlantılar baxımından əhəmiyyətini vurğulaması Vaşinqtonun bu istiqamətə verdiyi önəmi bir daha nümayiş etdirir.
Burada tarixlərin üst-üstə düşməsi də xüsusi diqqət çəkir. Mullinin Bakı səfərindən bir gün sonra, noyabrın 23-də TRIPP layihəsinin icrasına rəsmi start verilməsi elan olunub. Beləliklə, ABŞ rəsmisinin Azərbaycanda olduğu günlərdə Vaşinqton sammitində razılaşdırılmış təşəbbüslərdən biri praktik icra mərhələsinə keçib. Bildiyimiz kimi, layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını, eləcə də regionda enerji və digər kommunikasiya xətlərinin inkişafını nəzərdə tutur.
TRIPP-in icrasına başlanması da regionda birmənalı qarşılanmır. Xüsusilə İranın mövqeyi layihənin yalnız iqtisadi və nəqliyyat təşəbbüsü kimi qəbul edilmədiyini göstərir. Tehran ölkənin təhlükəsizliyinə təhdid yaranmayacağına dair üçüncü tərəflərin təminatlarına etibar etməyəcəyini bəyan edib. Eyni zamanda, Ermənistanın bu məsələdə lazımi təminatlar verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və qarşılıqlı etimadın mövcudluğunu vurğulayıb. Bununla belə, İran sərhədləri yaxınlığında hər hansı hərbi və ya təhlükəsizlik strukturunun yerləşdirilməsini qəbuledilməz saydığını bildirib.
Tehranın bu mövqeyi TRIPP ətrafında müzakirələrin əsas istiqamətlərindən birini üzə çıxarır: layihənin iqtisadi səmərəsi ilə yanaşı, onun regional təhlükəsizlik mühitinə təsiri də qonşu dövlətlərin diqqətindədir. İran üçün Ermənistanla sərhədin və bu istiqamətdəki mövcud geosiyasi vəziyyətin qorunması xüsusi əhəmiyyət daşıyır. Buna görə də layihənin həyata keçirilməsi prosesində təhlükəsizlik təminatları məsələsi də siyasi gündəmdə qalacaq.
Bu mənzərədə Mullinin Azərbaycana səfəri ABŞ-Bakı münasibətlərinin yeni mərhələdə hansı istiqamətlər üzrə inkişaf edə biləcəyini də açır. Daxili təhlükəsizlik sahəsində əməkdaşlıq, sərhəd və gömrük prosedurlarının təkmilləşdirilməsi, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi məsələlər iki ölkənin Strateji Tərəfdaşlıq Xartiyasında da əksini tapıb. TRIPP-in icrasına başlanması bu istiqamətlərin praktiki əhəmiyyətini artırır.
Məsələnin regional tərəfi də var. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılması ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazın nəqliyyat xəritəsində yeni marşrutun formalaşmasına şərait yarada bilər. ABŞ isə bu prosesdə həm sülh razılaşmalarının icrasını, həm də regional iqtisadi bağlantıların inkişafını dəstəkləyən tərəf kimi çıxış edir. Mullinin səfəri və TRIPP-in icrasına start verilməsi eyni siyasi gündəliyin iki mühüm hadisəsidir.
Jalə Rövşən