Türküstan çempionatında Azərbaycan şahmatçılarının mövqeləri bəlli oldu
Azərbaycan şahmatçıları Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında növbəti görüşlərini keçiriblər.
TodayPress TV xəbər verir ki, kişilərin yarışında Nicat Abasov altıncı turda türkiyəli Arda Çamlarla heç-heçə edib, yeddinci turda isə qırğızıstanlı Eldiyar Orozbayevə qalib gəlib.
İlk dövrəni dörd qələbə və üç heç-heçə ilə tamamlayan qrossmeysterimiz 5,5 xalla turnir cədvəlinə başçılıq edir. Abasov ən yaxın izləyicisi Çamları bir xal qabaqlayır.
Qadınların mübarizəsində Gövhər Beydullayeva altıncı turda Macarıstanı təmsil edən lider Davaadəmbərəl Nomin Erdeneni məğlub edib. Şahmatçımız yeddinci turda qazaxıstanlı Zarina Nurqaliyeva ilə heç-heçə oynayıb. Beydullayeva beş xalla üçüncü pillədə qərarlaşıb və liderdən yarım xal geri qalır.
Veteranların turnirində çıxış edən Vüqar Bayramov dördüncü turda qazaxıstanlı Pyotr Kostenko ilə xalları bölüşüb. Bir qələbə, bir heç-heçə və iki məğlubiyyəti olan təmsilçimiz 1,5 xalla yeddinci yerdədir.
Xatırladaq ki, noyabrın 24-də Abasov özbəkistanlı Abdimalik Abdisalimovla, Beydullayeva türkiyəli Gülənay Aydınla, Bayramov isə Türkmənistan təmsilçisi Karen Qriqoryanla qarşılaşacaq.
Qeyd edək ki, kişilərin və qadınların yarışları iki dövrədən ibarət dairəvi sistemlə, 14 tur üzrə keçirilir. Veteranların turniri isə yeddi turdan ibarətdir.