U-20 dünya çempionatında Azərbaycan şahmatçılarını çətin sınaq gözləyir
Venesuelanın paytaxtı Karakasda təşkil olunan U-20 şahmat üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin yeddinci turda qarşılaşacağı rəqiblər bəlli olub.
TodayPress TV xəbər verir ki, açıq turnirdə ölkəmizi təmsil edən Xaqan Əhməd növbəti görüşündə Hindistan şahmatçısı Etan Vazla üz-üzə gələcək. Ağ fiqurlarla oynayacaq Xaqanın rəqibi indiyədək bütün altı qarşılaşmasından qalib ayrılaraq turnir cədvəlinə başçılıq edir.
Azərbaycanlı şahmatçı isə əvvəlki turda FIDE bayrağı altında çıxış edən Semyon Novojilov üzərində qələbə qazanıb. Hesabında dörd qələbə və iki heç-heçə olmaqla beş xal olan Əhməd əlavə göstəricilərə əsasən üçüncü yerdədir. Yeddinci turda qələbə qazanacağı təqdirdə o, liderlə eyni xal sayına çatacaq.
Qadın şahmatçıların yarışında mübarizə aparan Lalə Hüseynova da son görüşlərdə uğurlu nəticə göstərib. Təmsilçimiz altıncı turda kolumbiyalı Nikol Moqolyon Tobarı məğlub edərək ardıcıl ikinci qələbəsini əldə edib. Dörd xala malik Hüseynova hazırda turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Şahmatçımız yeddinci turda qara fiqurlarla argentinalı Kandela Fransiskoya qarşı mübarizə aparacaq. Onun rəqibi 2023-cü ildə qızlar arasında keçirilən U-20 dünya çempionatının qalibi olub.
Qeyd edək ki, bu gün yarış iştirakçıları istirahət edəcəklər. Sabah çempionatın yeddinci və səkkizinci turları oynanılacaq. İsveçrə sistemi ilə keçirilən və ümumilikdə 11 turdan ibarət olan turnir noyabrın 27-də başa çatacaq.