"Kaybedenler kulüb"ünə yeni üzv - Rusiya 4 ölkədə uduzdu...
Rusiya üçün son dövrlər tam bir "qara zolaq" peyda olub. Rumıniya, Moldova və Macarıstandakı seçki proseslərində Kremlə yaxın qüvvələrin uduzması, indi də Ermənistanla tamamlandı.
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri nəinki gözlənilməz oldu, həm də Rusiyanın regiondakı uzunmüddətli geosiyasi hegemonluğuna vurulan ən böyük zərbələrdən biri kimi tarixə düşdü.
Fərqin bu qədər böyük olması, Rusiyanın illərdir qurduğu "təhlükəsizlik çətiri" mifinin necə sürətlə əriyib getdiyini göstərir.
Postsovet məkanı və ətrafı artıq Rusiyanın yumşaq gücünə və təhdid siyasətinə "yox" deyir. Ukraynanın göstərdiyi qəhrəmanlıq isə bütün bu proseslərdə katalizator rolunu oynayır. Ukrayna müqaviməti sübut etdi ki, Rusiyanın hərbi əzəməti gözlənilən qədər qorxunc deyil və bu, digər dövlətlərə öz müstəqil yollarını cızmaq üçün misli görünməmiş bir cəsarət verir.
Bəziləri Rusiyanın Ermənistandakı hərbi bazasını hələ də ciddi təhlükə kimi görsə də, reallıq tamam başqadır. Rusiya özünün Ukrayna müharibəsindəki bataqlıqdan çıxış yolu tapmağa çalışır. Belə bir vəziyyətdə İrəvana qarşı yeni bir hərbi avantüraya başlamaq, Moskvanın onsuz da tükənmiş resursları üçün intihar deməkdir. Gürcüstanın da tezliklə bu dalğaya qoşulacağı, daxili siyasi qüvvələrini balanslaşdıraraq Rusiyapərəst çevrələri sıxışdıracağı gözləniləndir.
Ermənistanın Rusiyadan üz döndərməsi regionda güc vakuumu yaratmayacaq, əksinə, bu boşluğu Türkiyənin strateji təsiri dolduracaq. Bu, regionun sabitliyi və Qərblə inteqrasiyası baxımından müsbət tendensiyadır. Türkiyənin regiondakı rolunun güclənməsi, Rusiya faktorunun tədricən sıradan çıxması deməkdir.
İşin ən maraqlı tərəfi isə Moskvanın öz daxilində baş verə biləcək proseslərdir. Məlumatlara görə, İrəvandakı bu "fəlakət", Kremlin öz daxilindəki sözdə "erməni lobbisi"nə qarşı açıq hücuma keçməsi üçün bəhanəyə çevriləcək. Mixail Mişustin və Sergey Lavrov kimi şəxslərin hədəf alınması, Moskvanın uğursuzluqların günahını daxildə axtarması və hakimiyyət koridorlarında ciddi "təmizlik" aparması üçün fürsət hesab olunur. Bu şəxslərin vəzifələrindən uzaqlaşdırılması və maliyyə axınlarının nəzarətə alınması, Rusiyanın xarici siyasətində daha radikal və qarşısıalınmaz bir çöküşün başladığının əlamətidir.
Rusiya öz daxili nüfuzunu da itirir. Qafqazda oyun qaydaları dəyişib və Kremlin köhnə metodları artıq işləmir.
Jalə Rövşən