İran üçün Məkkə alyansında "qapılar bağlıdır" - Tehranı gözləyən 3 böyük MANEƏ

İran üçün Məkkə alyansında "qapılar bağlıdır" - Tehranı gözləyən 3 böyük MANEƏ
10.09.2026 21:20 Təhlil

Avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək.

Bunun ardınca İranın da kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulması məsələsi gündəmə gəlib. Hətta İranın Məkkə sazişinə qoşulmaq üçün dəvət aldığına dair iddialar da səsləndirilib.


Maraqlıdır, Tehranın belə bir şəraitdə bu sazişə qoşulma ehtimalı nə qədər real görünür?

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə açıqlamasında bildirib ki, İranın hələlik Məkkə alyansına qoşulma ehtimalı o qədər də inandırıcı görünmür.


Ekspert vurğulayıb ki, bu məsələ ilə bağlı hər hansı rəsmi addım atılmayıb. Onun sözlərinə görə, İrana rəsmi dəvət göndərilməsi ilə bağlı təsdiqləyici məlumat mövcud deyil. Eyni zamanda, İranın da bu quruma üzv olmaq üçün özünün müraciətinin olması haqqında informasiya əldə edilməyib. Ona görə də bunu hansısa məqsədlə ortaya atılmış məlumat kimi də dəyərləndirmək olar.

“Belə bir ehtimal ön plana çəkilmiş olsa belə, indiki mərhələdə İranın Məkkə alyansına qoşulma ehtimalı o qədər də inandırıcı görünmür, çünki buna əngəl olan ciddi faktorlar mövcuddur. Birincisi, İran hazırda ABŞ ilə müharibə vəziyyətindədir. Əgər İran Məkkə sazişinə qatılarsa, o zaman alyansın digər dövlətləri də bu müharibəyə birbaşa cəlb oluna bilərlər. Çünki Məkkə alyansında qarşılıqlı hərbi öhdəliklər mövcuddur. Üzv ölkələrdən hər hansı birinə hücum olarsa, digər ölkələrin müdaxilə etməsi tələb olunur. Yaxın Şərqdə savaş davam etdiyi bir müddətdə İranın bu quruma üzv olması real deyil”, - deyə o izah edib.

Siyasi şərhçi əlavə edib ki, İranın Məkkə alyansının üzvləri ilə də müəyyən problemləri mövcuddur. Məsələn, Türkiyə və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə gərginliyin dayandırılmasının tərəfdarı kimi çıxış etsə də, bu ölkələrlə İran arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Həmçinin Pakistan və İran arasında da müəyyən önəmli problemlərin olduğu inkar olunmaz reallıqdır.


E. Xalidbəyli qeyd edib ki, hazırda Amerika və Türkiyə arasında çox yaxın münasibətlər var:

“Hətta ABŞ səfiri bəyan edib ki, indiki mərhələdə iki ölkə arasındakı strateji münasibətlər ən yüksək həddə çatıb. Belə bir şəraitdə Türkiyə ABŞ ilə müharibə vəziyyətində olan İranın Məkkə sazişinə üzv olmasında maraqlı olmaz”.

Politoloq sonda bildirib ki, mövcud mərhələdə İranla Məkkə sazişi arasında məsafənin olduqca böyük olduğu görünür və ölkənin bu qurumda təmsil olunma ehtimalı qətiyyən inandırıcı təsir bağışlamır.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər