İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir?
ABŞ Prezidenti Donald Tramp əvvəlki müharibələrin illərlə davam etdiyini əsas gətirərək, cəmi 4 ay ərzində İran üzərində tam hərbi qələbə qazanıldığı və özünün qalib çıxdığını deyib. Bəs Tramp, həqiqətən İran münaqişəsindən qalib çıxdımı?
Sözügedən məsələ ilə bağlı deputat, siyasi şərhçi Elman Nəsirov TodayPress TV-yə danışıb.

O qeyd edib ki, müharibənin başlanmasının əsas səbəbi İranın uranı zənginləşdirməkdən və nüvə proqramından imtina etməməsi idi. İranın nüvə silahına malik olmaq istəyi də bu məsələdə əsas amillərdən biri kimi göstərilirdi. Danışıqlar da onu göstərir ki, İran təxminən 15 il ərzində uranı zənginləşdirməkdən imtina etsə də, bütövlükdə öz nüvə proqramını dayandırmır".
Analitik Trampın münaqişədə əsas məqsədini diqqətə çatdırıb:
"Tramp üçün isə vacib olan odur ki, prezidentliyinin başa çatmasına iki ildən bir qədər çox vaxt qaldığı bir dövrdə deyə bilsin ki, onun hakimiyyəti dövründə İran uranı zənginləşdirmədi və nüvə proqramından imtina etdi.
Ancaq 15 ildən sonra bu proses yenidən başlayarsa, bunu necə qələbə adlandırmaq olar? Bu, ciddi sual doğurur".
Ekspert əlavə edib ki, eyni zamanda, İranı ABŞ və onun müttəfiqləri üçün ən təhlükəli edən məsələlərdən biri də İranın raket potensialı idi.
Tramp da aparılan danışıqlar zamanı vurğulayırdı ki, İran müstəqil dövlətdir və onun da raketləri olmalıdır.
O, həmçinin Hörmüz boğazının da taleyinin tam həll olunmadığını deyib:
"Birmənalı şəkildə demək çətindir ki, boğaz bağlanıb. Hər halda, Tramp Hörmüz boğazının blokadasını aradan qaldırıb və hazırda danışıqlar davam edir. Bu danışıqların hansı nəticəni verəcəyini indidən söyləmək çox çətindir".
Şərhçinin qənaətincə, ABŞ və İsrailin əsas hədəfi İranda siyasi rejimin devrilməsi idi:
"Bu baş vermədi. İranın təslim olması da gözlənilirdi, amma İran təslim olmayıb və hələ də hədələrlə çıxış edir.
Məsələyə bu kontekstdən yanaşdıqda demək olar ki, bu müharibədə kiminsə özünü qalib elan etməsi hələ ki inandırıcı görünmür. Xüsusilə "hələ ki" sözünün altından xətt çəkərək bunu vurğulayıram. Gözləyək, bir müddət sonra hər şey daha aydın olacaq".
Jalə Rövşən