İran Azərbaycanda millətçiliyi gücləndirməyə çalışır - XAİN PLAN

İran Azərbaycanda millətçiliyi gücləndirməyə çalışır - XAİN PLAN
03.07.2026 13:29 Təhlil

Son vaxtlar İran mediasında və beyin mərkəzlərində Azərbaycana qarşı təzyiqlərin artması təsadüfi deyil. Bunun arxasında Tehranın bəzi planları və regionda dəyişən vəziyyət dayanır.

Rəsmi rəqəmlər gizlədilsə də, beynəlxalq araşdırmalar və hətta İranın keçmiş rəsmilərinin etirafları göstərir ki, İran əhalisinin təxminən 30-40 faizini türklər təşkil edir. Bu, Azərbaycan əhalisindən 2-3 dəfə çoxdur. 2020-ci il Qarabağ Zəfərindən sonra Azərbaycanın güclənməsi İran hakimiyyətini narahat edir. Onlar qorxurlar ki, Şimali Azərbaycanın inkişafı Cənubi Azərbaycandakı soydaşlarımızın milli şüurunu oyada bilər.

Bu qorxunu boğmaq üçün İran tərəfi Azərbaycana qarşı üç əsas mövzuda ideoloji hücum edir:

Tarixi saxtalaşdırmaq: İddia edirlər ki, "Azərbaycan" adı tarixən ancaq Arazdan cənuba aid olub, Şimali Azərbaycan isə bu adı 1918-ci ildə siyasi məqsədlə alıb.

"Azəri" yalanı: İrandakı türklərin etnik kimliyini danırlar. Deyirlər ki, onlar əslində türk deyil, sadəcə sonradan türkcə danışmağa başlamış farslardır.

Milli hissləri təhqir etmək: Dövlət nəzarətindəki mediada türkləri aşağılayan karikaturalar və verilişlər yayımlayaraq süni şəkildə qıcıq yaradırlar.

İran strateqləri yaxşı bilirlər ki, xalqın dilinə və kimliyinə toxunanda cəmiyyətdə sərt reaksiyalar yaranır. Onların məqsədi də məhz budur. Bizdən emosional və radikal cavablar gələn kimi, Tehran bunu dünyaya "Azərbaycandan gələn təhlükə" kimi təqdim edir. Beləcə, gələcəkdə Azərbaycana qarşı atacağı hər hansı addımlara öz aləmində qanuni bəhanə qazanır.

Bunun ən aydın sübutu, İranın Araz boyu keçirdiyi irimiqyaslı hərbi təlimlər oldu. Onlar bu təlimləri daxili auditoriyaya "Azərbaycanın təhdidlərinə cavab" kimi sırıdılar.

İranlı dairələrin  başqa bir iddiası odur ki, tarixdə bütün rəsmi sənədlər və nikah qeydləri fars dilində olub, deməli, bu torpaqlar farslarındır. Lakin orta əsrlərdə Səfəvilər, Səlcuqlular kimi türk dövlətlərində fars dilinin yazı dili olması sadəcə dövrün diplomatiya ənənəsi idi. Eynilə orta əsrlər Avropasında ingilislərin və almanların bütün dövlət sənədlərini latınca yazmasının onları romalı etmədiyi kimi.

İslam Respublikasının Ermənistanla yaxınlığı və Qafanda konsulluq açması İslam dünyasında böyük tənqidə səbəb oldu. Bu tənqidlərdən qaçmaq üçün İran ekspertləri mövzunu dəyişirlər. İddia edirlər ki, Azərbaycan İsrail və Türkiyə ilə birləşib İranın sərhədlərini dəyişmək istəyir. Bizim verdiyimiz hər bir emosional reaksiya bu yalanı İran daxilində daha inandırıcı edir.

Bu, tələdir. Ayıq-sayıq olmaq lazımdır.

İranın Azərbaycana qarşı apardığı aqressiv və qıcıqlandırıcı ideoloji siyasətin məqsədi Azərbaycan cəmiyyətində emosional və radikal millətçi reaksiyalar yaratmaqdır.

Həmin reaksiyaları zamanla hüquq və təhlükəsizlik müstəvisində özünə qarşı təhdid kimi təqdim etmək niyyəti olduğu görünür. Gələcəkdə iqtisadi, diplomatik, kiber və ya hərbi təzyiq addımlarına hüquqi və siyasi zəmin yaratmağa çalışdıqları açıq-aydın ortadadır. 

Jalə Rövşən

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər