Ermənistanda seçki sonrası XAOS - İrəvanın başı gicəllənir
Ermənistanda keçirilən parlament seçkiləri ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olsa da, mövcud gərginliyi aradan qaldırmadı.
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi ona yenidən hökumət qurmaq imkanı verir, amma seçkilərin nəticələri cəmiyyətdəki fikir ayrılıqlarını daha da açıq şəkildə üzə çıxarıb.
Seçkilərdən sonra əsas diqqət müxalifətin reaksiyasına yönəlib. Müxalif qüvvələr nəticələri qəbul etməyərək saxtakarlıq iddiaları irəli sürür və hökuməti siyasi təzyiqlərdə günahlandırırlar.
Götürık elə Ermənistanın ən varlı oliqarxlarından biri və “Barkavaj Hayastan” (Prosperous Armenia) partiyasının lideri Qaquk Tsarukyanı. 2026-cı il parlament seçkilərində partiyası cüzi fərqlə 4%-lik baryeri keçə bilməyib. Seçkilərdən cəmi 2 gün sonra ona qarşı iri miqyasda vergi yayınma cinayət işi açılıb. Hökumət əlavə olaraq onun 300 milyon dollar dəyərində əmlakını müsadirə etmək üçün məhkəməyə müraciət edib. Nikol Paşinyan Tsarukyanı “xalqı talayan cinayətkar oliqarx” və keçmiş rejimin simvolu adlandırır. Müxalifət isə bu işləri siyasi repressiya və seçki qisasçılığı kimi qiymətləndirir. Tsarukyan uzun illərdir Paşinyanla kəskin qarşıdurma içindədir və hazırda həm maliyyə, həm də siyasi cəhətdən ağır təzyiq altındadır.
Ermənistanda siyasi rəqabət artıq qarşılıqlı etimadsızlıq mühitində davam edir. Müxalifət nümayəndələrinin seçki öncəsi həbsi də seçkilərin legitimliyi ətrafında mübahisələri gücləndirib.
Digər mühüm məsələ isə xarici təsirlərdir. Son illərdə Paşinyanın Avropa ilə yaxınlaşma siyasəti və Azərbaycanla sülh prosesinə dəstək verməsi Rusiyanın boğazından keçmir. Rusiya ilə Qərb arasında geosiyasi rəqabət Ermənistanın siyasi gündəminə birbaşa təsir göstərir.
Cəmiyyətdəki parçalanmanın əsas səbəblərindən biri də Qarabağ məsələsidir. Bir qrup vətəndaş Paşinyanın atdığı addımları regionda sabitlik yaratmaq cəhdi kimi qiymətləndirsə də, digər qrup bunu milli maraqlardan geri çəkilmə hesab edir. Bu fikir ayrılığı Ermənistan cəmiyyətində dərin siyasi və ideoloji bölünmə yaradıb.
Seçkilər ölkədə hakimiyyət məsələsinə aydınlıq gətirsə də, siyasi sabitliyi tam təmin edə bilməyib. Ermənistan qarşıdakı dövrdə həm daxili siyasi qarşıdurmaların, həm də xarici təsirlərin yaratdığı ciddi çətinliklərlə üzləşəcək.
Jalə Rövşən