Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür?

Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür?
21.07.2026 16:42 Təhlil

Fransa və Almaniyanın Cənubi Qafqaz, xüsusən də Azərbaycan siyasətinə yanaşmasını yan-yana qoyanda, Avropa diplomatiyasının iki tam fərqli üzü ilə qarşılaşırıq. Biri daxili siyasi xallara, emosiyalara və lobbi maraqlarına söykənən səs-küylü Paris, digəri isə küyə düşmədən, soyuqqanlı hesabla işini görən praqmatik Berlin.

Fransanın bu regiondakı xətti dünən dəyişməyib. Paris üçün Cənubi Qafqaz heç vaxt müstəqil geostrateji məkan kimi maraqlı olmayıb. Bura daha çox daxili siyasətdə erməni seçicilərin səsini ovlamaq və ya beynəlxalq kürsülərdə özünü gərginliklərin həlledicisi kimi qələmə vermək üçün vasitə gözü ilə baxılıb. İki əsrə yaxın tarixi mənzərəyə baxanda da eyni yanaşmanı görürük. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik mübarizəsində Paris son ana qədər tərəddüd edir, regiona yalnız Osmanlıya qarşı bir cəbhə və erməni maraqlarının müdafiə yeri kimi baxırdı. Yalnız bolşevik təhlükəsi qapını kəsdirəndə, 1920-ci ilin yanvarında müstəqilliyimizi de-fakto tanıdı.

Sovet İttifaqı dağılandan sonra da bu tənlik dəyişmədi. İllərlə ATƏT-in Minsk Qrupunun həmsədri statusunu daşıyan Fransa neytral vasitəçi rolu oynamaq əvəzinə, 2020-ci ildən sonra bütün kartlarını açıq oynamağa başladı. Senatın qondarma kararları, Ermənistanı açıq-aşkar silahlandırmaq addımları, "Bastion" zirehli maşınları və "Caesar" haubitsalarının İrəvana ötürülməsi Parisin artıq vasitəçi deyil, gərginliyi körükləyən tərəf olduğunu göstərdi. Fransız siyasətçilərin Bakıya qarşı sanksiya ritorikası və beynəlxalq platformalardakı cəhdləri isə sadəcə fiasko ilə nəticələndi. Paris Cənubi Qafqazda öz nüfuzunu sıfırlamaq bahasına olsa da, birtərəfli mövqeyindən əl çəkmədi.

Almaniyanın xətti isə tam fərqli bir məntiqə dayanır. Berlin üçün diplomatik əlaqələr heç vaxt ideologiya və ya simpatiya üzərində qurulmayıb. Almaniyanın Azərbaycanla əlaqələri tarixən də real iqtisadiyyat, sənaye və mədəniyyət müstəvisində inkişaf edib. XIX əsrdə alman köçkünlərinin Göygöl və Şəmkirdə məskunlaşaraq kənd təsərrüfatı və şərabçılığa gətirdiyi yeniliklər, "Siemens" qardaşlarının Gədəbəydəki mis mədənlərini işlətməsi və Daşkəsəndə daxili dəmir yolu çəkməsi bu münasibətlərin təməlini qoyub. Cümhuriyyət dövründə də Berlin Bakı ilə sıx təmaslarda maraqlı idi və müstəqilliyimizi ilk dəstəkləyən Avropa dövlətlərindən biri oldu.

Bu gün də Berlin yaxşı başa düşür ki, Cənubi Qafqazda Azərbaycanı kənara qoyaraq hər hansı bir regional layihə həyata keçirmək mümkünsüzdür. Avropanın sənaye mərkəzi olan Almaniya üçün Bakı həm təbii qaz, həm də gələcəyin yaşıl enerjisi baxımından əvəzsiz tərəfdaşdır. Eyni zamanda "Orta Dəhliz" nəqliyyat marşrutunun açar nöqtəsi Azərbaycandır. Məhz buna görə Almaniya BMT prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə sadiq qaldı, bağırmadan, şou göstərmədən Münhendə və Berlində tərəflər arasında danışıqlar üçün neytral masa təqdim etdi.

Onların siyasətini fərqləndirən əsas məqam da elə buradadır. Fransa regionda bütün körpüləri yandıraraq emosional və birtərəfli addımlar atdığı halda, Almaniya proseslərə praqmatik yanaşır, bərabərhüquqlu tərəfdaş kimi danışmağa üstünlük verir. Paris gərginlik mənbəyinə çevrilib özünü oyundan kənar vəziyyətə salırsa, Berlin proseslərdən kənarda qalmayan, dialoqa açıq və etibarlı Avropa tərəfdaşı imicini saxlayır.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər