Münaqişə zamanı hazırlanıb, cəbhəyə göndərilib - General İranın yeni HHM-lərindən danışdı
İran Silahlı Qüvvələri son hərbi qarşıdurmalar zamanı yeni hava hücumundan müdafiə (HHM) sistemləri hazırlayıb və onları döyüş meydanında istifadəyə verib.
TodayPress TV xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, bunu İran Ordusunun HHM Qüvvələrinin komandanı, briqada generalı Əlirza Elhami bildirib.
Generalın sözlərinə görə, İran ordusu münaqişə zamanı yeni müdafiə sistemlərini qısa müddətdə hazırlayaraq istehsal edib və dərhal döyüş bölgəsinə yerləşdirib. O, bu sistemlərin düşmən təyyarələrinə qarşı uğurla istifadə edildiyini iddia edib.
Elhami əlavə edib ki, qarşı tərəfin qabaqcıl texnologiyalara malik olması onun aviasiyasını İranın hava hücumundan müdafiə şəbəkəsindən qorumağa imkan verməyib.
Komandan həmçinin İranın HHM silahlarının istehsalı və təchizatında özünü təmin etdiyini açıqlayıb. Onun sözlərinə görə, hərbi alimlər, müdafiə müəssisələri, universitetlər və texnologiya şirkətləri yeni sistemlərin hazırlanmasında iştirak edir.
General İranın hərbi gücünün əsasını qətiyyətli liderlik, xalqın dəstəyi və yerli silah istehsalı ilə əlaqələndirib.
Türkan İsgəndərli