Dünya dəyişir, Azərbaycan da risk altındadır: Doğum niyə azalır? - ARAŞDIRMA
Dünyada demoqrafik mənzərə sürətlə dəyişir. Doğum səviyyəsinin azalması və insanların daha uzun ömür sürməsi nəticəsində yaşlı insanların ümumi əhali daxilində payı artır. Bu tendensiya artıq ayrı-ayrı ölkələrin deyil, qlobal miqyasda müşahidə olunan prosesə çevrilib.
Dünyada 65 yaşdan yuxarı insanların sayının tarixdə ilk dəfə 6 yaşdan kiçik uşaqların sayını ötəcəyi bildirilir. Mütəxəssislər bu dəyişimin əsas səbəbləri sırasında doğum səviyyəsinin aşağı düşməsini və orta ömür müddətinin uzanmasını göstərirlər. Hazırda dünya əhalisinin 71 faizi doğum səviyyəsinin əhalinin sadə təkrar istehsalı həddində və ya ondan aşağı olduğu ölkələrdə yaşayır. Proqnozlara əsasən, 2060-cı ilədək dünyada 65 yaşdan yuxarı insanların sayı 2 milyarda çata bilər.
Bu mənzərə Azərbaycandan da yan keçmir. Ölkədə əhalinin sayı hələlik azalmır, lakin təbii artımın əvvəlki illərlə müqayisədə zəifləməsi demoqrafik vəziyyətlə bağlı müzakirələri aktuallaşdırır. Bəs Azərbaycanda əsas problem əhalinin sayının azalmasıdır, yoxsa əhalinin yaş strukturunun dəyişməsi? Dövlət doğum səviyyəsinin artırılması üçün hansı addımları ata bilər? Gənclər niyə daha gec ailə qurur və uşaq sahibi olmaq qərarını təxirə salırlar?
TodayPress TV mövzu ilə bağlı iqtisadçıların və psixoloqun fikirlərini öyrənib.
“Əsas məsələ əhalinin sayını artırmaq deyil, mövcud əhalinin rifahını yüksəltməkdir”
İqtisadçı Xalid Kərimli hesab edir ki, demoqrafik məsələyə yalnız əhalinin sayını artırmaq prizmasından yanaşmaq düzgün deyil. Onun fikrincə, əsas diqqət mövcud əhalinin, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsinə, gəlirlərinin artırılmasına və insan kapitalının inkişafına yönəldilməlidir.

“Bəzən belə düşünülür ki, dövlət vətəndaşa müəyyən məbləğdə pul versin və bununla da doğum səviyyəsi artsın. Amma Azərbaycanın əsas problemi əhalinin sayının azlığı deyil. Əsas məsələ mövcud əhalinin, xüsusilə gənclərin işlə təmin olunmasıdır. Məsələn, Banqladeşdə, İndoneziyada və Hindistanda çox böyük əhali yaşayır. Amma əhalinin çox olması həmin insanların yüksək rifah içində yaşadığı anlamına gəlmir”.
İqtisadçı bildirir ki, əhalinin çoxluğu avtomatik olaraq iqtisadi inkişaf və yüksək həyat səviyyəsi demək deyil. Buna görə də onun fikrincə, əhalinin sayının artırılması ilə bağlı kor-koranə siyasət yürütməkdənsə, insanların həyat şəraitinin yaxşılaşdırılması daha vacibdir.
“Bu, heyvanların sayını artırmaq kimi məsələ deyil ki, say çoxaldıqca məhsuldarlıq da artsın. Əhalinin sayının artırılması ilə bağlı kor-koranə yanaşmalar düzgün deyil. Əsas məsələ mövcud əhalinin daha yaxşı yaşaması və insan kapitalının formalaşdırılmasıdır”.
Xalid Kərimli hökumətin əsas prioritetlərinin təhsil, səhiyyə, məşğulluq və gəlirlərin artırılması olması qənaətindədir.
“Əhalinin əsas hissəsi Cənub-Şərqi Asiyada yaşayır və həmin regionun bir sıra ölkələrində insanlar çox ağır sosial problemlərlə üzləşirlər. Bəzi insanlar ən fundamental ehtiyaclarını belə qarşılaya bilmirlər. Adi gigiyena və səhiyyə problemləri mövcuddur. Ona görə hökumətin əsas prioriteti mövcud əhalinin necə daha yaxşı yaşamasını təmin etmək, necə yaxşı təhsil vermək və layiqli işlə təmin etmək, gəlirlərini artırmaq olmalıdır”.
Ekspert hesab edir ki, Azərbaycanda hazırda əhalinin sayının azalmasından danışmaq düzgün deyil. Onun sözlərinə görə, əsas məsələ təbii artım tempinin aşağı düşməsidir.
“Bizdə əhalinin sayının azalması problemi yoxdur. Söhbət təbii artımın azalmasından gedir. Ukraynada əhalinin sayının azalması var. Avropanın bir sıra ölkələrində də əhalinin sayının azalması problemi mövcuddur. Əhali artmır, əksinə, azalır”.
İqtisadçıya görə, dünyada yaşlı insanların sayının artmasının iki əsas səbəbi var: doğum səviyyəsinin aşağı düşməsi və insanların daha uzun ömür sürməsi.
“Əhalinin yaş strukturunda dəyişiklik baş verir. Bunun səbəbi həm doğumun azalması, həm də səhiyyənin inkişaf etməsi və insanların daha uzun ömür sürməsidir. Əvvəllər insanlar 60-70 yaşlarında dünyasını dəyişirdilərsə, indi Avropada insanların 85-90 yaşına qədər yaşaması adi hala çevrilib. Təbii ki, bu da əhalinin yaş strukturuna təsir edir və yaşlı insanların payı artır”.
Xalid Kərimli Azərbaycanda ailələrin uşaq sahibi olmaq qərarına öz imkanları çərçivəsində yanaşmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, burada yalnız maddi gəlirlər deyil, mənzil məsələsi də mühüm rol oynayır.
“Əhalinin strukturunda gənclərin payı hələ kifayət qədər yüksəkdir. Ailələr uşağın planlaşdırılması məsələsinə öz imkanları çərçivəsində yanaşmalıdırlar. Söhbət təkcə uşağın qidalanmasına xərclənən puldan getmir. Mənzil təminatı da mühüm məsələdir”.
Ekspert təbii artımın aşağı düşməsində insanların daha gec evlənməsinin, təhsil və karyeraya daha çox üstünlük verməsinin də rol oynadığını qeyd edib.
“İnsanlar daha gec evlənirlər. Gənclərin, xüsusilə qadınların təhsilə və karyeraya marağı artıb. Əvvəllər bu imkanlar daha məhdud idi. İndi isə insanlar əvvəlcə təhsil almaq, karyera qurmaq və müəyyən maddi imkanlara sahib olmaq istəyirlər”.
Xalid Kərimlinin fikrincə, dövlətin əsas hədəfi əhalinin sayını süni şəkildə artırmaq yox, mövcud gənc əhalinin yaxşı və gəlirli işlərlə təmin olunması, yaşayış səviyyəsinin yüksəldilməsi və insan kapitalına investisiyanın artırılması olmalıdır.
“10-20 ildən sonra pensiya sistemində ciddi problemlər yarana bilər”
İqtisadçı Natiq Cəfərli isə Azərbaycanda demoqrafik problemin artıq uzun müddətdir davam edən tendensiyaya çevrildiyini düşünür. Onun sözlərinə görə, doğum səviyyəsinin aşağı düşməsi təxminən 10 ildir müşahidə olunur və bununla bağlı daha ciddi tədbirlərə ehtiyac var.

“Azərbaycanda demoqrafik problemin dərinləşməsi təxminən 10 ildir tendensiya şəklində davam edir. Təəssüf ki, bununla bağlı hələ ciddi tədbirlərin görüldüyünü müşahidə etmirik”.
Natiq Cəfərli problemin yalnız Azərbaycana aid olmadığını, dünyanın bir çox ölkəsində doğum səviyyəsinin kəskin şəkildə azaldığını bildirib. Onun sözlərinə görə, fərqli ölkələr bu prosesin qarşısını almaq üçün müxtəlif proqramlar həyata keçirirlər.
“Dünyada da eyni tendensiya var. Doğuş sayı kəskin şəkildə azalır. Bunu etiraf etmək lazımdır. Bu, yalnız Azərbaycana xas məsələ deyil. Sadəcə, müxtəlif ölkələr bu problemlə bağlı müxtəlif proqramlar qəbul edirlər. Azərbaycanda isə hələlik bununla bağlı ciddi bir proqramın qəbul olunduğunu görmürük”.
İqtisadçı hesab edir ki, mövcud tendensiya dəyişməz qalarsa, yaxın 10-20 ildə Azərbaycanın pensiya sistemi və əmək bazarı ciddi təzyiqlərlə üzləşə bilər.
“Doğuş sayını və insanların yaşlanma sürətini nəzərə alsaq, 10-15-20 ildən sonra bizdə pensiya sahəsində, pensiyaların ödənilməsində ciddi böhranlı vəziyyət yarana bilər. Əmək bazarında da müəyyən problemlər yarana bilər. Bütün bunlar bizi gözləyir”.
Natiq Cəfərli demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün ailələrə maddi dəstəyin vacib addımlardan biri ola biləcəyini düşünür. Lakin onun fikrincə, yalnız dövlət yardımı problemin həlli üçün kifayət deyil.
“Ailələrə maddi yardımla yanaşı, gənc ailələrin mənzilə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Orta illik gəlirlərin artmasına ehtiyac var. Yəni təkcə dövlətin maddi yardımı yox, insanların özlərinin də gəlirləri artmalıdır”.
İqtisadçı insanların maddi rifahının ailə və uşaq sahibi olmaq qərarlarına təsir edən amillərdən biri olduğunu vurğulayıb.
“Dünyadakı tendensiyaya baxanda görürük ki, insanlar nə qədər çox varlıdırlarsa, bir o qədər çox uşaqları olur. Məsələn, Elon Maskın 14 uşağı var. Təbii ki, Azərbaycanda əhalinin hamısı Elon Mask ola bilməz. Amma hər halda bu tendensiya onu göstərir ki, nə qədər çox varlı ailələr olacaqsa, bir o qədər çox uşaq sayının artmasına şahidlik edə bilərik”.
Beləliklə, iqtisadçının fikrincə, demoqrafik siyasət yalnız doğum göstəricilərinin artırılmasına yönəlməməlidir. Gənc ailələrin gəlirlərinin yüksəldilməsi, mənzil imkanlarının genişləndirilməsi və ümumi rifahın yaxşılaşdırılması da bu siyasətin əsas istiqamətlərindən olmalıdır.
“Gənclər ailə qurmaq istəmirlər demək düzgün deyil”
Mövzunun digər tərəfi isə insanların ailə və uşaq sahibi olmaq qərarına təsir edən psixoloji amillərdir. Psixoloq Nabat Mirzəyeva hesab edir ki, gənclərin ailə və uşaq istəməməsi ilə ailə qurmaqdan çəkinməsi eyni məsələ deyil.

“Gənclərin ailə və uşaq istəməməsi ilə ailə və uşaq sahibi olmaqdan qorxması, narahat olması və ehtiyat etməsi arasında fərq var. Bunların heç biri eyni şey deyil”.
Psixoloqun sözlərinə görə, bir çox gənc ailə qurmaq və övlad sahibi olmaq istəyir, lakin bunun üçün özünü hazır hiss etmir.
“İnsan ailə istəyir, amma düşünür ki, hazırda buna şəraiti yoxdur, vaxt uyğun deyil və ya hələ buna hazır deyil. Burada təkcə iqtisadi səbəblər dayanmır. Psixoloji dəyişikliklər də mühüm rol oynayır. İlk növbədə gələcəklə bağlı qeyri-müəyyənlik hissi ön plana çıxır”.
Nabat Mirzəyeva qeyd edir ki, gənclər ailə qurmaq istəyib-istəmədiklərindən daha çox, gələcəkdə ailələrinin ehtiyaclarını qarşılaya bilib-bilməyəcəkləri barədə düşünürlər.
“Gənc düşünür ki, gələcəkdə karyeramı və işimi yaxşı inkişaf etdirə bilməsəm, ailəmə baxa biləcəyəmmi? Evimi necə təmin edəcəyəm? Uşağın gələcəyi üçün kifayət qədər imkan yarada biləcəyəmmi? Uşağımı dünyaya gətirsəm, ona yaxşı valideyn ola biləcəyəmmi? Ya bacarmasam? Bu suallar insanın gələcəklə bağlı narahatlığını artırır”.
Psixoloq hesab edir ki, iqtisadi qeyri-müəyyənlik də ailə və uşaq sahibi olmaq qərarının təxirə salınmasına səbəb ola bilər. İnsan gəliri, iş yeri və gələcəyi ilə bağlı əmin olmadıqda uşaq sahibi olmaq məsələsinə daha ehtiyatlı yanaşır.
Digər mühüm amil isə məsuliyyət qorxusudur. Nabat Mirzəyevanın sözlərinə görə, müasir dövrdə valideynlik əvvəlki dövrlərlə müqayisədə daha böyük məsuliyyət kimi qəbul edilir.
“Əvvəllər uşaqlar böyüyürdü. Bir ailədə bir neçə uşaq olurdusa, böyük uşağın paltarı, dəftər-kitabı kiçik uşağa verilirdi. “Bir təhər böyüyər” yanaşması daha güclü idi. İndi isə valideynlik çox böyük məsuliyyət, sanki ayrıca bir layihə kimi qəbul olunur. Yaxşı təhsil, düzgün psixoloji inkişaf, maddi təminat, təhlükəsiz mühit və valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmək kimi məsələlər ön plana çıxıb”.
Psixoloq bildirir ki, bəzi gənclər ideal valideyn olmağa çalışdıqca özlərində əlavə qorxular yaradırlar.
“Bir növ ideal valideyn olmağa çalışırlar. İdeal valideyn olmağa çalışdıqca isə “bəs bacarmasam?” qorxusu yaranır. Uşağın təhsilini, gələcəyini və bütün ehtiyaclarını təmin edə bilməməkdən narahat olurlar”.
Nabat Mirzəyeva gənclərin həyata baxışlarının dəyişməsinin də ailə qurmaq yaşına və uşaq sahibi olmaq qərarına təsir etdiyini düşünür. Onun sözlərinə görə, hazırda təhsil, karyera, şəxsi inkişaf, səyahət və fərdi azadlıq gənclərin həyatında daha böyük əhəmiyyət daşıyır.
“Hazırda gənclərin baxış bucaqları əvvəlki dövrlərdən fərqlənir. Təhsilə, karyeraya, şəxsi inkişafa, səyahətə və özünü reallaşdırmağa daha çox yönəliblər. Bu, onların ailəyə qarşı olması demək deyil. Sadəcə, insan əvvəlcə öz həyatını qurmaq, daha sonra valideyn olmaq qərarına gəlir”.
Psixoloq ətrafda müşahidə olunan uğursuz münasibətlərin də gənclərin ailə qurmaq qərarına təsir etdiyini bildirir. Boşanmalar, xəyanətlər, ailədaxili münaqişələr və toksik münasibətlər gənclərdə ailə həyatı ilə bağlı müəyyən qorxular yarada bilər.
“Gənc düşünür ki, ailə qursam və uğursuz ailəm olsa, nə baş verəcək? Boşansam necə olacaq? Ətrafında boşanmalar, xəyanətlər, ağır konfliktlər və toksik münasibətlər görən gənclər ailə qurmağı yalnız sevgi ilə deyil, böyük məsuliyyətlə də əlaqələndirə bilirlər”.
Onun sözlərinə görə, uşaqlıq dövründə ailədaxili münaqişələrin şahidi olan şəxslərin gələcəkdə öz ailələrini qurarkən daha ehtiyatlı davranması da mümkündür.
Sosial medianın yaratdığı gözləntilər də bu prosesə təsirsiz ötüşmür. Psixoloq bildirir ki, gənclər sosial şəbəkələrdə başqalarının “mükəmməl həyatı” ilə öz həyatlarını müqayisə etdikdə özlərini kifayət qədər uğurlu və hazır hesab etməyə bilərlər.
“İnsan başqalarının dəbdəbəli toyunu, gözəl evini, səyahətlərini və uğurlu karyerasını görür, öz həyatını isə bunlarla müqayisə edir. Nəticədə düşünür ki, mən hələ hazır deyiləm, hələ bacarmamışam, mənim evim, işim, maddi imkanlarım və karyeram tam oturuşmayıb. Bu düşüncə ailə qurmağı və uşaq sahibi olmağı da gecikdirə bilər”.
Nabat Mirzəyeva hesab edir ki, gec ailə qurmaq və ya daha az uşaq sahibi olmaq hər zaman ailə dəyərlərinin zəifləməsi kimi qiymətləndirilməməlidir. Bəzən bu, insanların ailə məsələsinə daha ciddi yanaşmasının nəticəsi də ola bilər.
“Gənclər artıq “sadəcə evlənmək üçün evlənməyəcəyəm” və “uşağım olacaqsa, onun məsuliyyətini daşımağa hazır olmalıyam” düşüncəsi ilə yanaşırlar. Bu, əvvəlki kimi sadəcə uşağı dünyaya gətirmək deyil, ona hazır olmaq yanaşmasıdır”.
Psixoloqun fikrincə, “gənclər ailə qurmaq istəmir” ifadəsi məsələyə çox səthi yanaşmaq olardı.
“Onlar ailə qurmaq istəyirlər, sadəcə, yanlış seçim etməkdən, doğru qərar verməməkdən və bunun öhdəsindən gələ bilməməkdən ehtiyat edirlər. Bəzən isə həyatın bütün mərhələlərini əvvəlcədən planlaşdırmaq əvəzinə, müəyyən qədər həyatın axarına buraxmaq və hadisələrin necə inkişaf edəcəyini görmək də lazımdır”.
Beləliklə, dünyada yaşlı əhalinin sayının artması və doğum səviyyəsinin aşağı düşməsi uzunmüddətli demoqrafik dəyişikliklərin artıq yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan da bu prosesdən kənarda deyil. Lakin ekspertlərin fikirlərindən görünür ki, ölkədə məsələyə yalnız “əhalinin sayı artsın” yanaşması ilə baxmaq kifayət deyil.
Bir tərəfdən gənclərin məşğulluğu, gəlirləri və mənzil təminatı, digər tərəfdən isə ailə və valideynliklə bağlı psixoloji yanaşmalar nəzərə alınmalıdır. Doğum səviyyəsinin artırılması üçün atılacaq addımlar yalnız maddi yardımlarla məhdudlaşmamalı, gənc insanların özlərini gələcəyə daha güvənli hiss etmələrinə imkan verən sosial və iqtisadi mühitin formalaşdırılmasını da əhatə etməlidir.
Çünki demoqrafik göstəricilər yalnız statistika deyil. Bu rəqəmlərin arxasında insanların nə vaxt ailə qurması, neçə uşaq sahibi olması, hansı şəraitdə yaşaması və gələcəklə bağlı özünü nə qədər güvənli hiss etməsi dayanır.
Kübra Musayeva