ABŞ-dən Yaxın Şərqə 6,1 milyard dollarlıq silah satışı – Səudiyyə Ərəbistanına böyük paket

ABŞ-dən Yaxın Şərqə 6,1 milyard dollarlıq silah satışı – Səudiyyə Ərəbistanına böyük paket
05.09.2026 11:00 Dünya

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 5 milyard dollardan çox dəyərində JDAM-ER sistemlərinin satışını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, “Al Arabiya”nın məlumatına görə, Vaşinqton hesab edir ki, bu satış Səudiyyə Ərəbistanının mövcud və gələcək təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirəcək, ordunun döyüş hazırlığını artıracaq və ABŞ qüvvələri ilə birgə əməliyyatlarda qarşılıqlı fəaliyyəti yaxşılaşdıracaq.

JDAM-ER sistemlərinin əsas podratçısı ABŞ-nin "Boeing" şirkəti olacaq. Bundan başqa, Səudiyyə Ərəbistanına 750 milyon dollar dəyərində AGT-150 mühərriklərinin satışı da təsdiqlənib. Mühərrikləri "Honeywell" şirkəti təchiz edəcək.

ABŞ eyni zamanda Oman və İraqla bağlı daha iki potensial hərbi müqaviləni də təsdiqləyib.

Oman təxminən 188 milyon dollara F-16 qırıcıları üçün texniki xidmət və döyüş hazırlığı xidmətləri ala bilər. İraqa isə təxminən 150 milyon dollar dəyərində Bell 412EPX helikopterlərinin satılmasına icazə verilib.

Beləliklə, Vaşinqtonun Yaxın Şərq ölkələri ilə təsdiqlədiyi potensial hərbi müqavilələrin ümumi dəyəri 6,1 milyard dollara yaxınlaşıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər