Tokayev vitse-prezidentin səlahiyyətlərini müəyyənləşdirdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vitse-prezidentin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb.
TodayPress TV xəbər verir ki, sənədə əsasən, bu vəzifəyə yeni təyin olunan Yerlan Karin ölkənin daxili və xarici siyasəti üzrə strateji təşəbbüslərin hazırlanmasında və Prezidentə təqdim edilməsində iştirak edəcək.
Vitse-prezident həmçinin dövlət başçısını parlament, hökumət, digər dövlət qurumları, siyasi partiyalar və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edə biləcək.
Bundan əlavə, Karin Prezidentin tapşırığı ilə beynəlxalq tədbirlərdə iştirak edəcək, Dünya və Ənənəvi Dinlər Liderləri Konqresinin katibliyinə rəhbərlik edəcək və Prezident yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun fəaliyyətinə nəzarət edəcək.
Vitse-prezidentə həmçinin sərəncamlar vermək, dövlət qurumlarına göstərişlər göndərmək, parlament və hökumətin iclaslarında iştirak etmək, eləcə də idarələrarası işçi qrupları yaratmaq səlahiyyəti verilib.
Türkan İsgəndərli