Türkiyə Yunanıstana nota verdi
Türkiyə Yunanıstana Evros çayı boyunca inşa edilən sərhəd hasarı ilə bağlı diplomatik nota göndərib.
TodayPress TV xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, Ankara hasarın bəzi hissələrinin Türkiyə ərazisində tikildiyini bildirib.
Məsələ Evros bölgəsinin mərkəzi hissəsindəki sərhəd xəttinin təxminən 5 kilometrlik 7 hissəsi ilə bağlıdır. Burada 35 kilometrlik hasarın tikintisinə 2023-cü ildə başlanılıb və əsas işlər 2025-ci ilin əvvəlində tamamlanıb.
Lakin sərhəd xəttinin keçdiyi ərazilərlə bağlı fikir ayrılığı səbəbindən hasarın bəzi hissələrinin tikintisi dayandırılıb.
Yunanıstanın hərbi xəritələrində bu ərazilər ölkənin ərazisi kimi göstərilir. Türkiyə isə həmin sahələrin öz ərazisinə aid olduğunu bildirir.
Mübahisənin əsas səbəblərindən biri isə iki ölkə arasında uzun məsafədə sərhəd rolunu oynayan Evros çayının məcrasının zamanla dəyişməsi hesab olunur.
Türkan İsgəndərli