Trampın elçiləri Rusiyaya çatdı: Masada yeni sülh təklifi var
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri daşıyan təyyarə Rusiya hava məkanına daxil olub.
TodayPress TV xəbər verir ki, "Flightradar24"ün məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-32A" Helsinkidən havaya qalxıb və Sankt-Peterburq istiqamətində uçur.
Bildirilir ki, Uitkoff və Kuşner Ukraynadakı müharibənin dayandırılması ilə bağlı yeni təklif gətirirlər. ABŞ nümayəndələrinin Moskva səfərindən sonra Kiyevə getməsi gözlənilir.
Lakin "Bloomberg"in məlumatına görə, Moskvanın bu səfərlə bağlı gözləntiləri olduqca aşağıdır. Kremlə yaxın mənbələr əvvəlki səfərlərin nəticəsiz qalmasını əsas gətirərək, bu dəfə də ciddi nəticə gözləmirlər.
İndi əsas sual Vaşinqtonun yeni təklifinin Moskvanı və Kiyevi danışıqlar masasına yaxınlaşdıra bilib-bilməyəcəyidir.
Türkan İsgəndərli