ABŞ paraşütçülər ordusu hazırladı: İranı işğala başlayırlar
Yaxın Şərqdəki gərginlik yeni və təhlükəli bir mərhələyə qədəm qoyur.
Pentaqon mart ayında 82-ci Hava-Desant Diviziyasının regiona göndəriləcəyini elan etsə də, qoşunların konkret dislokasiya yerini sirr saxlamışdı. Lakin mediaya sızan məxfi yerləşdirmə sənədləri vəziyyətin mahiyyətini kökündən dəyişir:
Elit bölmələrin əsas bazası məhz İsraildir. Bu, İranın strateji neft mərkəzi olan Xarq adasını və ona bitişik sahil zolağını ələ keçirmək üçün nəzərdə tutulmuş ABŞ-İsrail birgə əməliyyat planının tərkib hissəsidir.
ABŞ ordusunun ən çevik və elit bölmələrindən sayılan 82-ci Hava-Desant Diviziyası, düşmən ərazisinə paraşütlə eniş etmək və strateji obyektləri sürətli zərbə ilə nəzarətə götürmək üzrə ixtisaslaşıb.
Aprelin 7-də verilmiş "müvəqqəti vəzifə" əmri ilə İsrailə yerləşdirilən bu qüvvələr artıq iki aydır ki, "sakitcə" əməliyyat üçün yaşıl işıq gözləyirlər. Pentaqonun rəsmi açıqlamalarında "Mərkəzi Komandanlıq zonası" ifadəsi işlənsə də, sənədlər ünvanın məhz İsrail olduğunu təsdiqləyir.
Bu seçimin arxasında həm siyasi, həm də taktiki səbəblər dayanır. Körfəz ölkələrindəki bazalardan istifadə etmək üçün həmin hökumətlərin icazəsi tələb olunur, lakin heç bir ərəb dövləti İrana qarşı açıq hərbi müdaxilədə iştirak etdiyini rəsmiləşdirərək regional və daxili siyasi risklərə getmək istəmir. İsrail isə bu baxımdan ABŞ üçün maneəsiz bir meydandır.
Logistik üstünlük də danılmazdır: paraşütçülər İsraildən qalxaraq birbaşa hədəfə – İran ərazisinə eniş edə bilərlər.
İranın neft ixracının təxminən 90 faizini idarə edən Xarq adası Tehran üçün iqtisadi və strateji baxımdan "həyati arteriya"dır. Bu adanın ələ keçirilməsi İran iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq, neft gəlirlərini tamamilə kəsmək və regionda strateji üstünlüyü ələ almaq deməkdir. Planın sahil zolağının bir hissəsini də nəzarətə götürməyi əhatə etməsi, boğazlar və dəniz yolları üzərində tam dominantlıq qurmaq niyyətindən xəbər verir. Mart ayından bəri mediada dolaşan şayiələr, Klippenşteynin ifşa etdiyi sənədlərlə konkret hərbi hazırlıq ssenarisinə çevrilib.
Bu gizli hazırlıqlar regionda böyük bir müharibə riskini alovlandırır. İran artıq Xarq adasının müdafiəsini gücləndirir, strateji nöqtələrə raket sistemləri və müdafiə tələləri yerləşdirir. ABŞ üçün bu "sürətli zərbə" variantı olsa da, İranın cavab addımları – proksi qrupların hərəkətə keçməsi, raket hücumları və ya beynəlxalq boğazların bağlanması – münaqişənin bütün bölgəyə yayılmasına səbəb ola bilər.
Pentaqonun İsrail detallarını gizli saxlaması həm ictimai təzyiqdən qaçmaq, həm də körfəz müttəfiqlərinin "həssaslığını" qorumaq məqsədi daşıyır.
Amma fakt ortadadır:
ABŞ və İsrail İran ərazisinə quru əməliyyatı üçün konkret hazırlıq görür.
Diplomatik kanallar hələ də açıq olsa da, 82-ci diviziyanın paraşütçüləri İsraildə hazır vəziyyətdə gözləyirlər. Siyasi qərarların verilməsi ilə regionda yeni və geri dönüşü olmayan böyük bir qarşıdurmanın başlaması an məsələsidir.
Jalə Rövşən