Dünyanın susduğu anda "Qarabağ Azərbaycandır!" deyən qardaş: İmran Xan sevgisinin sirri
Xəbər verdiyimiz kimi, Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xanın tərəfdarları hökumətlə nümayişin dayandırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra ölkənin şimal-qərbindən etiraz yürüşünə başlayıblar.
İmran Xanın adı çəkiləndə diqqət istər-istəməz onun Azərbaycanla münasibətlərinə yönəlir. Pakistanın 2018–2022-ci illərdə Baş naziri olmuş İmran Xan ilə Azərbaycanı bir-birinə bağlayan tellər olduqca dərindir. Bu dostluğun özəyində 2020-ci il Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi dəstək dayanır. Həmin dövrdə nümayiş etdirilən mövqe Azərbaycan xalqının qəlbində İmran Xana qarşı böyük minnətdarlıq hissi formalaşdırıb.

Məsələnin kökünə nəzər salsaq, görərik ki, bu yaxınlığın bünövrəsi hələ müstəqilliyimizin ilk illərində qoyulub. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkədir. İki dövlət arasında elə bir sarsılmaz həmrəylik var ki, Pakistan Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz olaraq bu günə qədər onu dövlət kimi tanımayan nadir ölkələrdən biri olaraq qalır.
Xalqlarımızı birləşdirən ümumi islam kimliyi, zəngin tarixi irs və qardaşlıq ruhu beynəlxalq aləmdə də özünü göstərir. İstər BMT, istərsə də İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda hər iki tərəf bir-birinin haqq işini daim müdafiə edib. Pakistan Qarabağ məsələsində, Azərbaycan isə Kəşmir mövzusunda hər zaman bir-birinə arxa durub.
İmran Xanın rəhbərliyi dövründə bu münasibətlər daha da canlanaraq yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev 2022-ci il martın 18-də Pakistan Günü münasibətilə İmran Xana ünvanladığı məktubda iki ölkə arasındakı əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu ifadə etmişdi. Dövlət başçısı vurğulamışdı ki, ümumi köklərə söykənən bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və Azərbaycan xalqı müharibə günlərində Pakistanın nümayiş etdirdiyi siyasi-mənəvi dəstəyi heç vaxt unutmur. Prezident İlham Əliyev, həmçinin, azad edilmiş torpaqlarımızın bərpasında Pakistan şirkətlərinin iştirakını görməkdən şad olacağını xüsusi qeyd etmişdi.

Lakin xalqımızın yaddaşına həkk olunan ən böyük dönüş nöqtəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu. Dünyada bir çox ölkənin susduğu və ya neytral mövqe tutmağa çalışdığı bir vaxtda İmran Xan hökuməti tərəddüd etmədən Azərbaycanın yanında yer aldı. Hələ müharibənin qızğın çağında, 18 oktyabr – Müstəqillik Günümüzdə İmran Xan sosial şəbəkə hesabında Azərbaycan xalqını təbrik edərək torpaqlarını cəsarətlə qoruyan ordumuza dərin hörmətini bildirdi və Pakistanın BMT qətnamələri çərçivəsində Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi.
Qələbəmizdən dərhal sonra, 12 noyabr 2020-ci ildə televiziya müsahibəsində daha da qətiyyətli danışdı. O bildirdi ki, Azərbaycan ordusu əsl şücaət göstərib, Qarabağ heç bir halda mübahisəli ərazi deyil və bütün dünya bu torpaqların Azərbaycana aid olduğunu bilir. Onun sözlərinə görə, azərbaycanlılar sadəcə öz əzəli və tarixi torpaqlarını geri qaytarıblar.
Növbəti ilin yanvarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslamabada səfər edərkən İmran Xan bu zəfəri pakistanlıların da öz bayramı kimi qeyd etdiyini deyir, azad olunmuş ərazilərin bərpasında hər cür köməyə hazır olduqlarını vurğulayırdı. Azərbaycan tərəfi də bu səmimi dostluğa görə minnətdarlığını bildirir, Kəşmir məsələsindəki dəstəyini bir daha təsdiqləyirdi. Bütün bu bəyanatlar Azərbaycan üçün əvəzsiz dayaq idi.
Bu illər ərzində iki ölkə arasında təmaslar sürətlə artdı. 2020-ci ilin yanvarında Davos Forumunda Prezident İlham Əliyevlə İmran Xanın görüşü keçirildi və dövlət başçımız onu Azərbaycana dəvət etdi. Sonrakı dövrdə hərbi sahədə də mühüm addımlar atıldı: müdafiə nazirləri səviyyəsində görüşlər keçirildi, Türkiyə, Pakistan və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlıq formatı yaradıldı. Hətta 2021-ci ildə hər üç ölkənin iştirakı ilə “Üç Qardaş” adlı birgə hərbi təlimlər də təşkil olundu.

İmran Xan Baş nazir kimi ölkəmizə rəsmi səfər edə bilməsə də, verdiyi cəsarətli bəyanatlarla hər bir azərbaycanlının qəlbində özünə yer etdi.
Ən çətin anımızda yanımızda oldu. O, “ölkəmizin sadiq və böyük dostu” kimi tanınır. Hər kəs ehtiyatlı danışmağa üstünlük verəndə onun “Qarabağ Azərbaycandır” deyərək ordumuzun qəhrəmanlığını açıq şəkildə təqdir etməsi xalqımızın yaddaşına əbədi həkk olundu.
Xalqımız onu sevir. Çünki o, diplomatik cümlələrin arxasında gizlənmədi, Azərbaycanın haqlı mübarizəsini ucadan səsləndirdi və ordumuzun zəfərini öz qələbəsi kimi qarşıladı.
Qiymət Mahir