Öncəlik Bakıya verildi, bəs İrəvan paketə niyə salındı?
"ATƏT-in Azərbaycan və Ermənistan arasında uzun illər davam edən problemin həllində oynadığı sülhyaratma rolunun, görünən odur ki, indi də iki ölkənin eyni vaxtda sədrliyi məsələsində aktuallığını qoruduğu müşahidə olunur".
Bu sözləri TodayPress TV-yə açıqlamasında ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycanla aparılan məsləhətləşmələr onu deməyə əsas verir ki, öncəlik Azərbaycana verilir. Ermənistana isə sadəcə kənarda qalmamaq üçün təklif edilir:
"Avropa ilə Rusiya arasındakı gərginlik fonunda Azərbaycanın rolunun əhəmiyyəti böyükdür. İlk növbədə enerji daşıyıcıları, daha sonra isə tərəflər arasında danışıqlarda vasitəçilik məsələsi gündəmdə ola bilər. Eyni zamanda, Azərbaycanın bu kimi beynəlxalq qurumlara rəhbərlik təcrübəsi, bir sıra beynəlxalq tədbirləri uğurla həyata keçirməsi ATƏT üzvlərində də yəqinlik yaradır ki, Azərbaycan bu quruma da uğurla sədrlik edəcək.
Hesab edirəm ki, ATƏT Azərbaycana yad qurum deyil. 30 illik əməkdaşlıq ənənəsi var. Doğrudur, Azərbaycanla ATƏT arasındakı əməkdaşlıq təcrübəsi Qarabağ məsələsinin həlli baxımından mahiyyət etibarilə ciddi nəticələr vermədi. Amma Avropanın Azərbaycana sədrliyi etibar edəcəyi təqdirdə, ölkəmiz bu quruma necə sədrlik edilə biləcəyini öz fəaliyyəti ilə ATƏT ölkələrinə də göstərəcək".
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə Azərbaycanın ATƏT-ə sədrlik üçün namizədliyinin irəli sürülməsinə razı olduğunu deyib.
Ceyhun Bayramovun açıqlamasına görə, ATƏT-ə sədrlik edəcək ölkələrin müəyyənləşdirilməsi ilə bağlı 2027, 2028 və 2029-cu illəri əhatə edən vahid paket təklifi irəli sürülüb. İlkin təklifdə Azərbaycanın adı yer alıb, daha sonra isə paketə Ermənistanın da daxil edilməsi təklif olunub. Beləliklə, hər iki ölkənin eyni paket çərçivəsində ATƏT-ə sədrliyinin nəzərdən keçirilməsi məsələsi gündəmə gəlib:
"Həmin o paket daxilində bizə də təklif olundu və biz münasibətimizi bildirdik ki, yəni Azərbaycan bu kifayət qədər mürəkkəb durumu nəzərə alaraq öz müsbət töhfəsini təşkilatın gələcəyinə verməyə hazırdır. Hətta onu da qeyd edərəm ki, bu paket kontekstində ilkin təklif Azərbaycana oldu. Daha sonra bəzi fikirlər də əlavə edildi, o cümlədən, məsəl üçün Ermənistanın da olması və paket daxilində həm Azərbaycan, həm Ermənistan".
XİN rəhbəri xatırladıb ki, bu iki ölkə uzun müddət ərzində münaqişə vəziyyətində olub, uzun illər ərzində nə Azərbaycanın, nə Ermənistanın ATƏT sədrliyi kontekstində namizədliyi müzakirə belə olunmurdu, çünki aydın idi ki, bu ölkələr bir-biri üçün qəbuledilməz idilər.
"Ona görə belə diskussiyalar da yox idi. Bəli, hal-hazırda belə bir paket kontekstində ölkəmizin də adı var. Biz ümumilikdə buna, yəni konsensusa nail olunduğu təqdirdə müsbət yanaşırıq. Qeyd etdiyiniz məsləhətləşmələr, onlar kifayət qədər intensiv şəkildə davam edir".
Qiymət Mahir