Futbol bitdi, diplomatiya başladı: Ankara Tbilisidən nə tələb edir?

Futbol bitdi, diplomatiya başladı: Ankara Tbilisidən nə tələb edir?
27.11.2026 19:48 Siyasət

Noyabrın 26-da UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması tribunadakı gərginliklə yadda qalıb. Belə ki, “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib.


Bunun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefon danışığı aparıb. O cümlədən, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi gürcüstanlı həmkarı Sulxan Tamazaşviliyə zəng edərək “Beşiktaş” azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsinə etirazını bildirib.

Həmçinin Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak baş verən insidentə münasibət bildirərək Gürcüstanın hüquq-mühafizə orqanlarının “Beşiktaş” azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq etməsini şiddətlə pisləyib.

Maraqlıdır, bütün bu etirazlardan sonra sözügedən hadisə Türkiyə–Gürcüstan münasibətlərində siyasi gərginliyə səbəb ola bilərmi?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov TodayPress TV-yə açıqlamasında bildirib ki, matç zamanı baş verən insident və bunun ardınca Türkiyənin yüksək səviyyəli rəsmilərinin Gürcüstan hökumətinin nümayəndələri ilə telefon danışıqları aparması hadisənin artıq sıradan idman qarşıdurması çərçivəsindən çıxdığını göstərir.


Analitik vurğulayıb ki, Ankaranın Türkiyə vətəndaşlarının hüquqlarının qorunması üçün atdığı addımlar tamamilə təbiidir və Gürcüstanın təhlükəsizlik qüvvələrinin davranışına münasibət bildirilməsi ilə bağlı Tbilisidən izahat tələb etməkdə də haqlıdır. Lakin mövcud vəziyyətin Türkiyə–Gürcüstan münasibətlərində ciddi siyasi böhrana çevrilməsi ehtimalı yoxdur.

“İlk növbədə nəzərə almaq lazımdır ki, Türkiyə ilə Gürcüstan arasında münasibətlər yalnız ikitərəfli diplomatik əlaqələrdən ibarət deyil. İki ölkə regional təhlükəsizlik, enerji marşrutları, nəqliyyat-kommunikasiya xətləri, ticarət və Cənubi Qafqazda əməkdaşlıq baxımından mühüm tərəfdaşlardır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və Cənub Qaz Dəhlizi kimi strateji layihələr bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə hər hansı insidentin münasibətlərin ümumi arxitekturasına mənfi təsir göstərməsi nə Ankara, nə də Tbilisi üçün arzuolunan nəticədir”, - deyə o izah edib.

Siyasi şərhçi həmçinin diqqətə çatdırıb ki, Türkiyə rəsmilərinin hadisəyə operativ və yüksək səviyyədə reaksiya verməsi Ankaranın məsələyə həssas yanaşdığını göstərir. Xüsusilə xarici və daxili işlər nazirlərinin paralel şəkildə Gürcüstanın müvafiq qurumları ilə əlaqə saxlaması təsadüfi diplomatik addım deyil. Bu, həm Türkiyə vətəndaşlarının təhlükəsizliyinin qorunması ilə bağlı prinsipial mövqenin nümayişi, həm də Gürcüstan tərəfinə hadisənin diqqətlə araşdırılmalı olduğu barədə siyasi mesajdır.

Politoloq əlavə edib ki, hadisənin digər mühüm tərəfi onun İsrail–Fələstin qarşıdurması ilə əlaqəli olmasıdır. Qarşılaşmanın İsrail klubu ilə keçirilməsi, tribunada Fələstinə dəstək şüarlarının səsləndirilməsi və bayraqların nümayiş etdirilməsi insidentə əlavə siyasi həssaslıq qazandırıb:

“Türkiyədə Fələstin məsələsinə ictimai və siyasi münasibətin kifayət qədər həssas olduğunu nəzərə alsaq, azarkeşlərə qarşı güc tətbiqi ölkə daxilində geniş rezonans doğurur. Bu səbəbdən Ankara məsələyə yalnız idman azarkeşlərinin təhlükəsizliyi prizmasından deyil, həm də ictimai narazılıq və siyasi məsuliyyət kontekstində yanaşır.

Başqa sözlə, Türkiyənin diplomatik fəallığının müəyyən daxili siyasi motivləri də var. Ankara öz vətəndaşlarının xaricdə təhlükəsizliyinin təmin olunması məsələsində prinsipial mövqe nümayiş etdirməklə yanaşı, Fələstin məsələsindəki siyasi xəttini də qoruyur. Hadisəyə Türkiyənin müxtəlif siyasi dairələrinin, futbol klublarının və dövlət rəsmilərinin eyni istiqamətdə reaksiya verməsi məsələnin ictimai əhəmiyyətini artırır”.


R. Bayramovun fikrincə, hazırkı mərhələdə Türkiyə–Gürcüstan münasibətlərində diplomatik narazılıq yaransa da, bunun strateji münasibətlərə ciddi zərbə vurması real görünmür. Əsas məsələ Gürcüstanın insidentlə bağlı şəffaf araşdırma aparması, saxlanılan Türkiyə vətəndaşlarının hüquqlarının təmin edilməsi və oxşar halların təkrarlanmaması üçün tədbirlər görməsidir. Türkiyə də böyük ehtimalla diplomatik təzyiq və rəsmi etiraz mexanizmləri ilə kifayətlənməyə çalışacaq. Yəni bu insident iki ölkə arasında münasibətlərin sınağa çəkilməsi kimi qiymətləndirilə bilər, lakin strateji tərəfdaşlığın pozulması üçün əsas yaratmır.

Qeyd edək ki, Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılaraq, “Beşiktaş”ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş verən dəhşətli hadisələrlə bağlı etiraz bildirilib və müxtəlif sübutlar təqdim olunub.

Hadisələrin bütün təfərrüatları ilə araşdırılması, həmçinin Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiq edən və müdaxiləyə görə məsuliyyət daşıyan şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görülməsi tələb edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər