Azərbaycan ATƏT-ə sədrlik etməyə hazırdır – Ceyhun Bayramov

Azərbaycan ATƏT-ə sədrlik etməyə hazırdır – Ceyhun Bayramov
27.11.2026 13:03 Siyasət

Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklif irəli sürülüb. Ölkəmiz təşkilata sədrlik məsələsində konsensusun əldə olunacağı təqdirdə bu təşəbbüsə müsbət yanaşır.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, hazırda ATƏT-ə sədrlik edən İsveçrənin mandatı bu ilin sonunda başa çatır. Növbəti sədrlik edəcək ölkənin müəyyənləşdirilməsi ilə bağlı bir ildən artıqdır müzakirələr aparılsa da, üzv dövlətlər arasında konsensus əldə etmək mümkün olmayıb.

Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycanın mövqeyi bütün müddət ərzində aydın olub:

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, biz istənilən konsensus namizədini dəstəkləməyə hazırıq və bu istiqamətdə aktiv fəaliyyət göstəririk”.

O bildirib ki, sədrlik məsələsi ilə bağlı vaxtın məhdudlaşması son həftələrdə məsləhətləşmələrin intensivləşməsinə səbəb olub. Bu çərçivədə alternativ təkliflər irəli sürülüb və Azərbaycanın da namizədliyinin müzakirəyə çıxarılması təklif olunub.

Nazir əlavə edib ki, son müzakirələrdə konsensusun əldə olunmasını asanlaşdırmaq məqsədilə 2027, 2028 və 2029-cu illər üçün sədrlik edəcək ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi ideyası da irəli sürülüb.

“Bu paket çərçivəsində ölkəmizə də təklif olundu və biz bildirdik ki, Azərbaycan təşkilatın gələcəyinə öz müsbət töhfəsini verməyə hazırdır”, – deyə Ceyhun Bayramov vurğulayıb.

XİN rəhbəri qeyd edib ki, ilkin təklifdə Azərbaycanın adı yer alıb, daha sonra isə paketə Ermənistanın da daxil edilməsi məsələsi gündəmə gətirilib.

“Azərbaycan və Ermənistanın bu paketdə yer alması müəyyən mənada müsbət inkişafın göstəricisidir. Çünki uzun illər ərzində iki ölkə münaqişə vəziyyətində olub və nə Azərbaycanın, nə də Ermənistanın ATƏT-ə sədrlik namizədliyi müzakirə edilirdi. Aydın idi ki, bu ölkələr bir-biri üçün qəbulolunan namizəd ola bilməzdilər”, – deyə nazir bildirib.

Ceyhun Bayramov Azərbaycanın belə bir paketə müsbət yanaşdığını, bununla belə, yekun qərarın ATƏT üzv dövlətlərinin konsensusu əsasında qəbul edilməli olduğunu vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər