Yeni virus aşkarlandı: Gənə sancması ilə insanlara keçir

Yeni virus aşkarlandı: Gənə sancması ilə insanlara keçir
09.09.2026 16:21 Sağlamlıq

Çinli alimlər gənə sancması yolu ilə insanlara keçən yeni virus aşkarlayıblar. ALTNV adlandırılan virusun bəzi hallarda qripəbənzər simptomlara səbəb olduğu, başqa bir virusla birlikdə yoluxduqda isə xəstəliyin daha ağır keçə bildiyi müəyyənləşdirilib.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "New England Journal of Medicine" jurnalında dərc olunub.

Pekin Milli Açar Laboratoriyasının alimləri gənə sancmasından sonra xəstəxanaya müraciət edən 3000-dən çox şəxsi araşdırıblar. Onların 10 faizindən çoxunda ALTNV aşkarlanıb.

Virusla yoluxan insanlarda əsasən yüksək hərarət, halsızlıq, qripəbənzər əlamətlər və mədə-bağırsaq problemləri müşahidə edilib.

ALTNV Nairoviridae virus ailəsinə daxildir. Alimlər virusun RNT-sini 47 mindən çox gənə nümunəsinin 2 faizindən azında müəyyən ediblər. Virusun əsas daşıyıcısının isə Haemaphysalis longicornis – Asiya uzunquyruqlu gənəsi olduğu müəyyənləşdirilib.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri ALTNV-nin başqa bir gənə mənşəli virus – DBV ilə birlikdə insanlara keçməsi olub. Yalnız ALTNV ilə yoluxan xəstələr əsasən sağalsalar da, iki virusla eyni vaxtda yoluxanlarda xəstəlik daha ağır keçib.

Bu xəstələrdə xüsusilə ağciyər və böyrəklərlə bağlı ciddi ağırlaşmalar müşahidə olunub. İkiqat yoluxma qeydə alınan kiçik qrupda ölüm halları təxminən 18 faiz təşkil edib.

Alimlər hesab edirlər ki, ağır xəstəlik riskinin iki virusun eyni vaxtda orqanizmə daxil olması ilə əlaqəsi ola bilər. Bununla belə, bu riskin dəqiq müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğu vurğulanıb.

ALTNV müasir RNT ardıcıllığı texnologiyalarından istifadə edilməklə aşkarlanıb. Tədqiqatçılar gənə sancmasından sonra yüksək hərarət və digər simptomlar yaşayan, lakin məlum infeksiyalar üzrə testləri mənfi çıxan xəstələrdə xəstəliyin səbəbini araşdırarkən yeni virusa rast gəliblər.

Mütəxəssislərin fikrincə, yeni virusun aşkarlanması gənə sancmalarından sonra yaranan xəstəliklərin səbəblərinin müəyyənləşdirilməsinə və təhlükəli birgə infeksiyaların daha yaxşı öyrənilməsinə imkan verəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər