Uşaqlıqda diş problemləri ürək xəstəlikləri riskini artırır

Sağlamlıq

03.03.2026 19:30

Kopenhagen Universiteti alimlərinin apardığı araşdırmaya görə, uşaqlıq dövründə kariyes və ağır diş əti xəstəlikləri keçirən şəxslərdə yetkin yaşda infarkt, insult və ürəyin işemik xəstəliyi riski daha yüksək ola bilər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "International Journal of Cardiology" jurnalında dərc olunub.

Araşdırma 1963-1972-ci illərdə Danimarkada doğulmuş 568 778 nəfərin məlumatları əsasında aparılıb. Alimlər əvvəlcə Milli Uşaq Stomatologiyası Reyestrinin (SCOR) göstəricilərini təhlil edib, daha sonra bu məlumatları 1995-2018-ci illəri əhatə edən Milli Pasiyent Reyestrində qeydə alınmış ürək-damar xəstəlikləri ilə müqayisə ediblər. Həmin dövrdə iştirakçıların yaşı 30-56 aralığında olub.

Nəticələr göstərib ki, uşaqlıqda çoxsaylı kariyes problemi olan şəxslərdə yetkin yaşda ürək-damar xəstəliklərinin yaranma riski diş problemi az olanlarla müqayisədə 45 faiz daha yüksəkdir. Ağır gingivit keçirmiş şəxslərdə isə bu risk 41 faiz artıb. Ümumilikdə, uşaqlıqda ağız boşluğunun vəziyyəti nə qədər pis olubsa, gələcəkdə ürək xəstəliklərinin yaranma ehtimalı da bir o qədər yüksəlib.

Tədqiqat müəllifləri bildirirlər ki, burada birbaşa səbəb-nəticə əlaqəsi deyil, statistik bağlılıqdan söhbət gedir. Ehtimal olunan mexanizmlərdən biri xroniki iltihabla bağlıdır. Onların fikrincə, erkən yaşlarda yaranan iltihabi proseslər immun sisteminə təsir göstərərək sonradan aterosklerozun inkişafına zəmin yarada bilər.

Mütəxəssislər vurğulayırlar ki, nəticələr periodontal xəstəliklərlə ürək-damar problemləri arasında əlaqəni göstərən əvvəlki araşdırmalarla da uyğunluq təşkil edir və uşaqlıqdan stomatoloji profilaktikanın əhəmiyyətini bir daha təsdiqləyir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Diş,Kariyes,İnfarkt,Ürək,Todaypress.tv,