Qarın piylənməsinin səbəbi yalnız yemək deyilmiş - Hormonların rolu

Qarın piylənməsinin səbəbi yalnız yemək deyilmiş - Hormonların rolu
06.09.2026 05:27 Sağlamlıq

Sosial şəbəkələrdə tez-tez rast gəlinən “kortizol qarnı” ifadəsi qarın nahiyəsində piylərin yüksək stress hormonu – kortizol səbəbindən toplandığını iddia edir. Lakin mütəxəssislər bu yanaşmanın orqanizmdə baş verən prosesləri həddindən artıq sadələşdirdiyini bildirirlər.

TodayPress TV xəbər verir ki, kortizol böyrəküstü vəzilər tərəfindən ifraz olunan və orqanizmin stressə reaksiyasında, qan şəkərinin, arterial təzyiqin və enerji mübadiləsinin tənzimlənməsində iştirak edən hormondur.

Uzun müddət ərzində kortizolun əhəmiyyətli dərəcədə yüksək olması yağların bədəndə paylanmasına təsir göstərə bilər. Lakin belə vəziyyətlər daha çox nadir xəstəliklərlə, o cümlədən Kuşinq sindromu ilə əlaqələndirilir.

Mütəxəssislərin sözlərinə görə, qarın nahiyəsində piylərin yaranmasını yalnız kortizol səviyyəsi ilə izah etmək düzgün deyil. Genetika, yaş, hormonal dəyişikliklər, qidalanma, yuxunun keyfiyyəti və fiziki aktivlik də burada mühüm rol oynayır.

Gündəlik stress kortizol səviyyəsini müvəqqəti artıra bilər. Lakin bu, avtomatik olaraq xroniki yüksək kortizol və qarın piylənməsi demək deyil. Stress yuxunu və qidalanma vərdişlərini dəyişdirərək çəkiyə dolayı yolla təsir göstərə bilər.

Mütəxəssislər həmçinin internetdə reklam edilən “kortizol detoksları”, xüsusi əlavələr və kortizolu azaltmağa yönəlmiş pəhrizlərin effektivliyinə dair kifayət qədər elmi sübut olmadığını vurğulayırlar.

Sağlam çəki üçün əsas diqqətin kifayət qədər yuxuya, müntəzəm fiziki aktivliyə, balanslı qidalanmaya və stressin idarə olunmasına yönəldilməsi tövsiyə olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər