Gecə saat 3-də beynimizdə nə baş verir? – Mütəxəssis açıqladı

Gecə saat 3-də beynimizdə nə baş verir? – Mütəxəssis açıqladı
29.10.2026 03:40 Sağlamlıq

Gecə yuxudan oyanmaq hər zaman yuxu pozğunluğunun əlaməti deyil. Lakin stress və narahatlıq insanın yenidən yuxuya getməsini çətinləşdirə, gündəlik problemlərin olduğundan daha ciddi görünməsinə səbəb ola bilər.

TodayPress TV “El Español” nəşrinə istinadən xəbər verir ki, psixoloq Silviya Severino gecə saatlarında yaranan mənfi düşüncələrin səbəbini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, yuxu dövrləri arasında qısa müddətə oyanmaq normal haldır. Ancaq emosional gərginlik və davamlı narahatlıq insanın yenidən yuxuya getməsinə mane ola bilər.

Psixoloq bildirib ki, xüsusilə gecə saat 3 radələrində oyanan insanlar problemləri daha çox düşünməyə və hadisələrin mənfi nəticələrini təsəvvür etməyə meyilli olurlar. Yorğunluq və stress bir-birini gücləndirdiyindən gündüz adi görünən çətinliklər gecə saatlarında çıxılmaz vəziyyət kimi qəbul edilə bilər.

Severino bu səbəbdən gecə saatlarında mühüm qərarlar qəbul etməməyi tövsiyə edib.

“Gecənin bu saatında düşündüklərinizi mütləq həqiqət kimi qəbul etməyin. Saat 3-də fəlakət kimi görünən problem səhər saat 10-da tamamilə fərqli görünə bilər”, – deyə mütəxəssis vurğulayıb.

İspaniyada 1500 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən, yetkin insanlar orta hesabla sutkada 6,7 saat yatırlar. İştirakçıların yalnız 47 faizi yeddi saatdan çox, 9 faizi isə beş saatdan az yatır.

Araşdırmada yuxunun keyfiyyətinə mənfi təsir göstərən əsas amillər sırasında stress, yatmazdan əvvəl telefondan istifadə, kofein qəbulu, səs-küy və ağır qidalar göstərilib.

Digər psixoloq Fransisko Rivera Rufete isə keyfiyyətli yuxu üçün hər gün eyni saatda yatıb-oyanmağı, yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtı azaltmağı və rahat yuxu şəraiti yaratmağı məsləhət görüb.

Mütəxəssislər vurğulayıblar ki, kifayət qədər və keyfiyyətli yuxu emosional tarazlığın qorunmasında, diqqətin cəmlənməsində və stressin idarə olunmasında mühüm rol oynayır.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər