Moskva aylar sonra geri addım atdı
Rusiya iyul ayından bəri ilk dəfə Azov dənizindəki limanlardan taxıl daşıyan gəmilərin çıxışına icazə verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya hakimiyyəti təxminən dörd ay davam edən məhdudiyyətlərdən sonra taxıl daşıyan gəmilərin Azov dənizindəki limanları tərk etməsinə müvəqqəti icazə verib.
İcazə Temryuk və Kavkaz limanlarında yerləşən gəmilərə şamil olunur. Ən azı bir gəmi artıq Kerç boğazından keçərək Qara dənizə daxil olub.
Qeyd edək ki, hücum təhlükəsi səbəbindən iyulun 10-da Azov dənizində kommersiya gəmiçiliyi dayandırılmışdı. Vəziyyət gərginləşməzdən əvvəl Rusiyanın dəniz yolu ilə həyata keçirdiyi buğda ixracının təxminən üçdə biri bu regionun payına düşürdü.
Mənbələrin sözlərinə görə, gəmilərin limanlardan çıxışına müvəqqəti icazə oktyabrın 26-dan qüvvəyə minib. Yola düşməyə hazır olan və ekipajı komplektləşdirilmiş gəmilərin sahibləri limanları tərk etmək üçün müraciət edə bilərlər.
Kübra Musayeva