Putinin dizeli Trampın problemini həll etmədi
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dizel yanacağının tədarükünə dair razılaşması ABŞ-də qiymətlərin ucuzlaşmasına ciddi təsir göstərməyib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, Rusiya dizelinin tədarükü ilə bağlı razılaşmanın elan edilməsindən sonra ABŞ-də bir qallon dizel yanacağının orta qiyməti 7 sent artaraq 6,35 dollara çatıb.
Oktyabrın 9-da Tramp Rusiyanın ABŞ və dünya bazarlarına 300 min tondan çox yanacaq göndərməyə razılaşdığını açıqlamışdı. Razılaşmaya əsasən, noyabrda əlavə 500 min ton, daha sonra isə 1 milyon ton yanacağın tədarükü nəzərdə tutulur.
Ötən həftə Rusiyanın Primorsk limanından təxminən 300 min barel dizel daşıyan tanker yola düşüb. Əvvəlcə Nyu-Yorka istiqamətlənən gəmi sonradan təyinat məntəqəsini dəyişərək konkret liman göstərməyib.
Analitiklər hesab edirlər ki, razılaşmanın yanacaq qiymətlərinə ciddi təsir göstərməsi ehtimalı azdır. Buna Rusiyanın neft emalı zavodlarının mövcud vəziyyəti və ixrac məhdudiyyətləri mane ola bilər.
Bundan əlavə, gözlənilən tədarük həcmləri də nisbətən aşağıdır. Oktyabrda gündəlik 100 min bareldən bir qədər çox, noyabrda isə təxminən 125 min barel yanacağın ixracı gözlənilir. Halbuki ötən il Rusiya gündəlik təxminən 800 min barel dizel ixrac edirdi.
Kübra Musayeva