Bu yarpaqlar qızıl dəyərindədir – Atmağa tələsməyin!

Bu yarpaqlar qızıl dəyərindədir – Atmağa tələsməyin!
29.10.2026 02:56 Maraqlı

Payız aylarında qoz ağaclarının tökülən yarpaqları bağ sahələrində yığılır. Bir çox insan bu yarpaqları yararsız hesab edərək atır. Lakin mütəxəssislər bildirirlər ki, düzgün istifadə edildikdə qoz yarpaqları torpağın münbitliyini artırmaq üçün faydalı vasitəyə çevrilə bilər.

TodayPress TV Polşanın “Deccoria” nəşrinə istinadən xəbər verir ki, qoz yarpaqlarından kompost hazırlamaq mümkündür. Bunun üçün müəyyən qaydalara əməl etmək lazımdır.

Məlumata görə, qoz ağacının yarpaqlarında, köklərində və meyvəsinin yaşıl qabığında yuqlon adlı maddə mövcuddur. Bu maddə bəzi bitkilərin inkişafına mənfi təsir göstərə bilər. Xüsusilə pomidor, bibər, kartof və badımcan yuqlona qarşı həssas bitkilər hesab olunur.

Bu səbəbdən təzə qoz yarpaqlarını birbaşa tərəvəz əkilən torpağa qarışdırmaq tövsiyə edilmir.

Bununla belə, zaman keçdikcə torpaqdakı mikroorqanizmlərin fəaliyyəti nəticəsində yuqlon parçalanır və yarpaqlardan təhlükəsiz şəkildə istifadə etmək mümkün olur.

Qoz yarpaqlarından necə istifadə etmək olar?

Mütəxəssislər yarpaqları toplayaraq xırdalamağı və kompost hazırlamağı məsləhət görürlər. Xırdalanmış yarpaqlar daha sürətlə çürüyür. Kompostun hazırlanması zamanı onlara təzə biçilmiş ot və digər üzvi tullantılar əlavə etmək olar.

Qoz yarpaqlarının tam çürüməsi adətən 9–12 ay və ya daha çox vaxt tələb edir. Hazır kompost torpağa bənzər, yumşaq və ovulan quruluşa malik olmalıdır.

Belə kompost torpağın strukturunu yaxşılaşdırır və üzvi maddələrlə zənginləşməsinə kömək edir.

Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, yaş qoz yarpaqlarını qalın təbəqə şəklində qazonun üzərində saxlamaq olmaz. Bu, otların işıq və hava almasını çətinləşdirə bilər.

Bundan başqa, qoz yarpaqlarını yandırmağa ehtiyac yoxdur. Onları düzgün şəkildə kompostlaşdırmaq həm bağ üçün faydalıdır, həm də üzvi tullantıların səmərəli istifadəsinə imkan yaradır.

Beləliklə, payızda tökülən qoz yarpaqlarını atmaq əvəzinə, növbəti mövsüm üçün təbii gübrəyə çevirmək mümkündür.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər