Yer kürəsinin gizli keçmişi ortaya çıxdı – Alimlərdən maraqlı kəşf
Beynəlxalq alimlər qrupu 2700 ildən çox əvvəl Çində qeydə alınmış Günəş tutulmasını yenidən araşdıraraq Yer kürəsinin keçmişdə hansı sürətlə fırlandığını müəyyənləşdirməyə nail olub.
TodayPress TV “ScienceDaily” nəşrinə istinadən xəbər verir ki, tədqiqat eramızdan əvvəl 709-cu il iyulun 17-də baş vermiş tam Günəş tutulması ilə bağlı qədim qeydlərə əsaslanıb.
Həmin hadisə Çinin Lu çarlığında müşahidə edilib və təxminən 200–300 il sonra tərtib olunan “Çuntsyu” (“Bahar və payız”) salnaməsində əksini tapıb. Qədim mənbədə Günəşin tamamilə qaraldığı qeyd olunub.
Hadisə ilə bağlı daha bir məlumat isə təxminən yeddi əsr sonra yazılmış “Hanşu” (“Han kitabı”) əsərində yer alıb. Burada tutulma zamanı Günəşin yuxarı və aşağı hissələrinin sarı rəngdə göründüyü bildirilib.
Naqoya Universitetinin tədqiqatçısı Hisasi Hayakavanın sözlərinə görə, bu təsvir Günəş tacının ən qədim yazılı müşahidələrindən biri ola bilər.
Lakin alimlər əvvəlcə gözlənilməz uyğunsuzluqla qarşılaşıblar. Müasir astronomik hesablamalara əsasən, həmin dövrdə Lu çarlığının paytaxtı olan Tsyuyfu şəhərindən tam Günəş tutulmasının görünməsi mümkün olmamalı idi.
Araşdırma zamanı məlum olub ki, əvvəlki hesablamalarda qədim şəhərin coğrafi mövqeyi təxminən 8 kilometr səhv göstərilib.
Koordinatların dəqiqləşdirilməsi alimlərə tutulmanın trayektoriyasını yenidən hesablamağa və Yer kürəsinin 2700 il əvvəlki fırlanma xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə imkan verib.
Tədqiqatçılar bildiriblər ki, Yer kürəsinin fırlanma sürəti sabit deyil. Ayın cazibə qüvvəsinin yaratdığı okean qabarma və çəkilmələri nəticəsində planetimizin fırlanması minilliklər ərzində tədricən yavaşlayır. Bu səbəbdən Yer kürəsi 2700 il əvvəl indikindən bir qədər sürətlə fırlanıb.
Araşdırma Günəşin keçmiş fəaliyyəti ilə bağlı da maraqlı nəticələr ortaya qoyub. Alimlərin fikrincə, qədim mənbədə təsvir edilən Günəş tacının forması həmin dövrdə Günəş aktivliyinin yenidən artdığını göstərə bilər.
Bununla belə, tədqiqatçılar vurğulayıblar ki, Günəş tacı ilə bağlı təsvir hadisədən əsrlər sonra qələmə alındığı üçün bu nəticəni qəti sübut hesab etmək olmaz.
Qeyd edək ki, növbəti diqqətçəkən tam Günəş tutulması 2027-ci il avqustun 2-də baş verəcək. “Əsrin tutulması” adlandırılan hadisə zamanı bəzi ərazilərdə gündüz qaranlığı 6 dəqiqə 22 saniyəyə qədər davam edəcək. Ən uzun tutulma Misirin Luksor şəhərində müşahidə olunacaq.
Kübra Musayeva