Diş çürükləri gələcəkdə infarkt riskini artıra bilər
Sağlamlıq
02.03.2026 18:15
Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlıq dövründə diş çürükləri və ağır diş əti xəstəlikləri yetkin yaşlarda infarkt, insult və koronar ürək xəstəliyi riskinin artması ilə əlaqəlidir.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri "International Journal of Cardiology" (IJC) jurnalında dərc olunub.
Tədqiqat 1963–1972-ci illərdə Danimarkada anadan olmuş 568 778 nəfərin məlumatlarına əsaslanıb. Alimlər Milli Uşaq Ağız Sağlamlığı Reyestrinin (SCOR) məlumatlarını 1995–2018-ci illər üzrə Milli Xəstə Reyestrindəki ürək-damar xəstəlikləri göstəriciləri ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, uşaqlıqda çoxsaylı diş çürüməsi olan şəxslərdə yetkinlik dövründə ürək-damar xəstəliklərinə tutulma riski diş problemi az olanlarla müqayisədə 45% daha yüksəkdir. Ağır diş əti iltihabı olanlarda isə bu risk 41% artıq olub. Ümumilikdə, uşaqlıqda ağız sağlamlığı pisləşdikcə gələcəkdə ürək xəstəlikləri riski də yüksəlir.
Tədqiqat müəllifləri bunun səbəb-nəticə əlaqəsini birbaşa sübut etmədiyini, lakin güclü statistik bağlılıq göstərdiyini vurğulayırlar. Onların fikrincə, xroniki iltihab əsas mexanizmlərdən biri ola bilər: erkən yaşlarda diş çürüməsi və diş əti xəstəlikləri ilə bağlı iltihabi proseslər immun sisteminə təsir göstərərək sonradan aterosklerozun inkişafını sürətləndirə bilər.
Alimlər hesab edirlər ki, nəticələr erkən yaşlardan ağız sağlamlığının qorunmasının uzunmüddətli ürək-damar sağlamlığı üçün vacib olduğunu göstərir.
Jalə Rövşən
tag: Diş,Çürük ,İnfarkt ,Risk ,Todaypress.tv,
