Bu ay qripə yoluxanlar niyə gec sağalır? – Səbəblər
Sağlamlıq
06.03.2026 17:59
Son vaxtlar qripə yoluxma hallarında artım müşahidə olunur. Əsas şikayət isə sağalma prosesinin uzun çəkməsi ilə bağlıdır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan allerqoloq, pediatr Elşən Tağıyev bildirib ki, mövsümi xəstəliklərin yayılmasının əsas səbəblərindən biri havaların dəyişməsi və virusların fəallaşmasıdır.

Onun sözlərinə görə, xüsusilə uşaqların, yaşlıların və xroniki xəstəliyi olan insanların diqqətli olması vacibdir.
"Bu xəstəliklərdə simptomlar yüksək hərarət, üşütmə, boğaz ağrısı, öskürək, burun axması və tıxanıqlığı, baş ağrılarıdır. Əgər simptomlar bir neçə gün davam edirsə və ya ağırlaşırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu viruslar “Orthomyxoviridae” ailəsinə aiddir və əsasən A, B və C tiplərinə bölünür. İnsanlarda mövsümi epidemiyalara səbəb olan əsas törədicilər A və B tipli qrip viruslarıdır. Qrip virusunun ən diqqətçəkən xüsusiyyəti isə tez-tez mutasiyaya uğramasıdır. Məhz bu dəyişkənlik səbəbindən hər il payız-qış mövsümündə qrip yenidən yayılır və əvvəlki immunitet xəstəliyin tam qarşısını ala bilmir".
Həkim əlavə edib ki, mövsümi xəstəliklərdən qorunmaq üçün ən vacib addımlar gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq, izdihamlı yerlərdə maskadan istifadə etmək və immuniteti gücləndirən qidalar qəbul etməkdir. Ən effektiv qorunma üsulu həm şəxsi gigiyena, həm də sağlam həyat tərzi ilə birgə immuniteti gücləndirməkdir. Profilaktik tədbirlər xəstəliyin yayılmasını xeyli azaldır.
Türkan İsgəndərli
tag: Elşən Tağıyev,Pediatr,Qrip,Sağalma,Todaypress.tv,
