Bədəndə su çatışmazlığının 6 ƏLAMƏTİ
Alimlərin qənaətinə görə, orqanizmdə maye çatışmazlığını müəyyən etmək üçün hər zaman analiz verməyə ehtiyac yoxdur. Gündəlik vəziyyətinizdəki bəzi dəyişikliklər bədənin susuz qaldığını göstərə bilər.
TodayPress TV xəbər verir ki, ən sadə göstəricilərdən biri sidiyin rəngidir. Açıq və demək olar ki, şəffaf sidik adətən orqanizmin kifayət qədər maye aldığını göstərir. Tünd sarı və ya qəhvəyi rəng isə susuzlaşmaya işarə edə bilər. Lakin bəzi dərmanlar, B qrupu vitaminləri, dəmir preparatları və müəyyən antibiotiklər sidiyin rəngini dəyişə bilər.
Digər göstərici gün ərzində bədən çəkisinin dəyişməsidir. Çəkinin müəyyən qədər dəyişməsi normal hesab olunur, lakin 24 saat ərzində bədən çəkisinin 2 faizdən çox azalması susuzlaşma əlaməti ola bilər.
Maye çatışmazlığı zamanı susuzluq, ağız quruluğu, baş ağrısı, yorğunluq, başgicəllənmə, diqqətin azalması, dəri quruluğu, əzələ qıcolmaları və ürək döyüntüsünün sürətlənməsi kimi əlamətlər də müşahidə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, ciddi susuzlaşma uzun müddət davam etdikdə qəbizlik, sidik yolları infeksiyaları və böyrək daşlarının yaranması riskini artıra bilər. Bədəndə maye itkisi 2 faizdən çox olduqda isə əhval-ruhiyyə, diqqət və qərarvermə qabiliyyəti də mənfi təsirlənə bilər.
ABŞ Milli Sağlamlıq İnstitutlarının tövsiyələrinə əsasən, qadınların gündə təxminən 9 stəkan, kişilərin isə 13 stəkan maye qəbul etməsi nəzərdə tutulur. Buraya yalnız su deyil, qidalardan və digər içkilərdən alınan maye də daxildir.
Bununla belə, gündəlik maye ehtiyacı insanın yaşı, çəkisi, fiziki aktivliyi, hava şəraiti və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Digər tərəfdən, bəzi ürək və böyrək xəstəlikləri olan insanlara maye qəbulunu məhdudlaşdırmaq tövsiyə oluna bilər.
Kübra Musayeva