Araşdırma: Serviksdə xərçəngönü dəyişikliklər ürək riskini artırır
Sağlamlıq
02.03.2026 19:15
Serviksdə (uşaqlıq boynunda) xərçəngönü hüceyrə dəyişiklikləri olan gənc qadınlarda ürək-damar xəstəliklərinin yaranma riski daha yüksək ola bilər.
TodayPress TV xəbər verir ki, bu nəticə İsveç alimlərinin geniş araşdırması nəticəsində əldə olunub. Tədqiqatın nəticələri "JAMA Oncology" jurnalında dərc edilib.
Araşdırma 1958–2021-ci illəri əhatə edən milli tibbi reyestrlərin məlumatları əsasında aparılıb. Alimlər 15–24 yaş arasında uşaqlıq boynu yüksək dərəcəli displaziyası diaqnozu qoyulmuş təxminən 30 min qız və qadının məlumatlarını, belə problemi olmayan 149 mindən çox yaşıdı ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, bu diaqnozu olan qadınlarda ümumi ürək-damar xəstəlikləri riski təxminən 20% daha yüksəkdir. Eyni zamanda:
• miokard infarktı riski 58%,
• insult riski isə 42% daha çox olub.
Bundan əlavə, həmin qrupda hipertoniya, ürək çatışmazlığı və ürək ritmi pozuntuları daha tez-tez diaqnoz qoyulub. Ürək-damar xəstəliklərindən ölüm halları da nəzarət qrupu ilə müqayisədə daha yüksək qeydə alınıb.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bu nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir. Onların fikrincə, əlaqə xroniki iltihab, siqaret çəkmə, artıq çəki və immun sisteminin xüsusiyyətləri kimi ortaq risk faktorları ilə bağlı ola bilər.
Qiymət Mahir
tag: Ürək,Damar,Diaqnoz,Xərçəng,TodayPress TV,
