Balinaların nəsli kəsilir - Xəbərdarlıq edildi
Şimali Atlantika sağ balinalarının sayı bir il ərzində təxminən 2 faiz azalıb. Hazırda dünyada bu növün cəmi 382 fərdinin qaldığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Phys.org"un məlumatına görə, alimlərin son araşdırması növün gələcəyi ilə bağlı narahatlıqları artırıb.
Balinalar əsasən gəmilərlə toqquşma, balıq torlarına ilişmə və iqlim dəyişikliyi səbəbindən təhlükə altındadır.
Mütəxəssislərin sözlərinə görə, okeanların istiləşməsi balinaların əsas qida mənbəyi olan kiçik xərçəngkimilərin yaşayış yerlərini dəyişir. Bu səbəbdən balinalar qida axtarışında daha təhlükəli ərazilərə üz tuturlar.
Araşdırmada qeyd olunur ki, hazırda populyasiyada cəmi 73 dişi balina qalıb. Ötən il isə növ üçün nisbətən uğurlu çoxalma mövsümü yaşanıb və 20-dən çox bala dünyaya gəlib. Lakin alimlər bunun sayın bərpası üçün kifayət etmədiyini bildirirlər.
Şimali Atlantika sağ balinalarının sayı 2010-2020-ci illər arasında təxminən 25 faiz azalıb. Əsas səbəblər aşağı doğum və yüksək ölüm göstəriciləridir.
Alimlər xəbərdarlıq edirlər ki, balinaların miqrasiya yolları boyunca qorunma tədbirləri gücləndirilməsə, növün sayı yenidən kəskin azala bilər.
Türkan İsgəndərli