Azərbaycan Qara dəniz elektrik kabeli layihəsini dəstəkləyir
“Azərbaycan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini dəstəkləyir. Almaniyanın da bu layihədən potensial faydalanmaq imkanları müzakirə olunub”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bu istiqamət perspektivli əməkdaşlıq sahələrindən biri hesab olunur.
O, Azərbaycanın Orta Dəhlizin inkişafında və fəaliyyətindəki roluna da diqqət çəkib:
“Ümumilikdə, Azərbaycanın Orta Dəhlizin inkişafında, onun fəaliyyətində olan rolu, ölkəmizin Avropa ilə Mərkəzi Asiya və Şərq istiqamətindəki böyük iqtisadiyyatlar və ölkələrlə tranzit-logistika imkanları, Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlar, bir sıra layihələr müzakirə olundu”.
Ceyhun Bayramov iki ölkə arasında sərnişin və yük daşımaları istiqamətində müntəzəm uçuşların həyata keçirildiyini bildirib. O qeyd edib ki, Azərbaycan uçuşların intensivliyinin artırılmasında və istiqamətlərin genişləndirilməsində maraqlıdır.
Turizm sahəsindəki əlaqələrə toxunan nazir bildirib ki, ötən il Almaniyadan Azərbaycana gələn turistlərin sayı 24 mindən bir qədər artıq olub.
“Bu istiqamətdə müsbət dinamika müşahidə edilir. 2026-cı ilin ilk 10 ayında 18 faiz artım olmaqla, artıq 25 min alman turisti ölkəmizə səyahət edib”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Qiymət Mahir