Azərbaycan-Almaniya birgə universiteti yaradıla bilər - TƏKLİF

Azərbaycan-Almaniya birgə universiteti yaradıla bilər - TƏKLİF
18.11.2026 11:25 Elm və Təhsil

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də təhsil və humanitar sahələrdə əlaqələrin inkişafı müzakirə olunub.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, iqtisadi sahədə müzakirə olunan məsələlərin praktiki müstəviyə keçirilməsi üçün müvafiq sahələrə cavabdeh nazirlər arasında yaxın zamanda görüşün keçirilməsi barədə razılıq əldə olunub.

“Razılıq əldə edilmişdi ki, bu sahəyə bilavasitə cavabdehlik daşıyan nazirlər arasında qısa zamanda görüşün və Biznes Şurasının toplantısının keçirilməsi çox faydalı olar”, – deyə Ceyhun Bayramov bildirib.

O, humanitar sahənin Azərbaycan-Almaniya münasibətlərinin ənənəvi istiqamətlərindən biri olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, ötən illər ərzində minlərlə azərbaycanlı gənc Almaniyanın aparıcı universitetlərində təhsil alıb. Bu istiqamətdə Azərbaycanın xaricdə təhsil üzrə Dövlət Proqramı və Almaniyanın DAAD təqaüd proqramı mühüm rol oynayıb.

“Almaniyanın DAAD təqaüd proqramını xüsusi olaraq qeyd etmək istərdim. Həmin proqram əsasında çox sayda azərbaycanlı tələbə Almaniyada təhsil almaq hüququ əldə edib. Təbii ki, öz birbaşa imkanları hesabına təhsil alan tələbələrin sayı da az deyil”, – deyə nazir bildirib.

Ceyhun Bayramov iki ölkənin universitetləri arasında mövcud akademik əlaqələrin də müzakirə olunduğunu diqqətə çatdırıb.

O, Almaniya tərəfinə Azərbaycanın digər Avropa ölkələri ilə həyata keçirdiyi uğurlu birgə universitet layihələri barədə məlumat verdiyini bildirib:

“Azərbaycan-Fransız Universiteti, Azərbaycan-İtalyan Universiteti və müvafiq qurumlarla nəzəri potensial Azərbaycan-Almaniya universitet layihəsi barədə də danışıqların başlanması və biz bu layihənin sürətlə irəli aparılmasında maraqlı olduğumuzu ifadə etdik”.


Qiymət Mahir

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər