Müəllim, həkim, polis saatla işləyəcək? Yeni sistem suallar yaradır...
Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşdan keçməsi yeni əmək modelinin ölkədə nə dərəcədə effektiv olacağı ilə bağlı müzakirələri gündəmə gətirir. Xüsusilə Bakı şəhərindəki tıxaclar və insanların işə gecikməsi fonunda bu sistemin tətbiqinin real nəticə verib-verməyəcəyi maraq doğurur.
Saatlıq əməkhaqqı sisteminin tətbiqi Azərbaycanda nə dərəcədə real və effektiv ola bilər? Xüsusilə Bakıdakı tıxacları və insanların işə gecikməsi problemini nəzərə alsaq, bu sistem hansı üstünlüklər və çətinliklər yarada bilər?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə açıqlamasında bildirib ki, Azərbaycanın mövcud əmək bazarı saatlıq iş sisteminin tətbiqinə tam uyğun deyil:

“Saatlıq iş sisteminin Azərbaycanda, xüsusilə Bakı şəhərində tətbiq olunması çox çətindir. Bizim əmək bazarımız buna o qədər də uyğun deyil. Dövlət sektorunda çalışanların sayı 850 minə yaxındır. Məsələn, müəllimlər, həkimlər, polislər, məhkəmə işçiləri saatlıq iş rejimində necə çalışacaqlar?”
İqtisadçı özəl sektorda da bu sistemə keçidin əlavə maliyyə yükü yaradacağını qeyd edib:
“Özəl sektorda da bu sistemin tətbiqi müəyyən çətinliklər yaradır. Çünki saatlıq iş rejiminə keçid əlavə xərclər deməkdir. Bu xərcləri kim qarşılayacaq? İşəgötürənlər üçün hansı təşviq proqramları qəbul olunacaq, onlara hansı güzəştlər və üstünlüklər veriləcək? Bu məsələlər həll olunmadan, sadəcə saatlıq iş rejiminə keçməklə tıxacları və digər problemləri aradan qaldırmaq mümkün deyil”.
Jalə Rövşən