Bayramov alman nazirlə görüşdə nələr dedi?
Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və parlamentlərarası əlaqələrin inkişafı, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. Bu ilin aprel ayında Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Ceyhun Bayramov parlamentlərarası əlaqələrin də əhəmiyyətini vurğulayıb. O bildirib ki, Almaniya parlamentinin dostluq qrupunun üzvləri də nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olublar və azərbaycanlı həmkarları ilə faydalı fikir mübadiləsi aparıblar.
Nazirin sözlərinə görə, bu günədək Azərbaycan və Almaniya arasında 80 müxtəlif sənəd, saziş və razılaşma imzalanaraq qüvvəyə minib. Daha 10 sənəd üzrə isə işlər davam etdirilir.
İqtisadi münasibətlərə toxunan Ceyhun Bayramov bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. 2026-cı ilin ilk doqquz ayında isə bu göstərici təxminən 1 milyard ABŞ dollarına çatıb:
“Hazırda Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib. Onlardan 210-u aktiv fəaliyyət göstərir. Almaniyadan Azərbaycana indiyədək yatırılan investisiyaların həcmi 950 milyon ABŞ dollarına yaxınlaşıb. Azərbaycandan Almaniyaya isə 670 milyon dollardan artıq investisiya yatırılıb”.
Ceyhun Bayramov qarşılıqlı investisiyaların əhəmiyyətli hissəsinin qeyri-neft sektoruna yönəldildiyini diqqətə çatdırıb.
O, həmçinin Azərbaycan Dövlət Neft Fondunun Almaniyada, o cümlədən Almaniya şirkətlərinin qiymətli kağızlarına və müxtəlif fondlara yatırımlarının ümumi həcminin 1,8 milyard ABŞ dolları olduğunu qeyd edib.
Qiymət Mahir