Rus beşinci kolonu Azərbaycandan Türkiyəyə hücuma keçdi
Son günlər Azərbaycanın informasiya məkanında və sosial şəbəkə seqmentində qardaş Türkiyə əleyhinə yönəlmiş təxribatçı ritorikanın gücləndiyi müşahidə olunur. Ölkə daxilində illərdir fəaliyyət göstərən rusiyayönümlü şəbəkənin - “beşinci kolon”un yenidən aktivləşməsi və sinxron şəkildə Türkiyəni hədəfə alması cəmiyyətdə ciddi suallar və haqlı narazılıq doğurub.
Müşahidələr göstərir ki, Moskvanın siyasi xəttinə sadiq qalan və Kremli özlərinə istinad nöqtəsi seçən bəzi dairələr sanki vahid mərkəzdən “hücum əmri” alıblar. Son günlər həmin şəxslərin qardaş ölkə əleyhinə əsassız və cəfəng fikirlər səsləndirməsi, iki qardaş dövlət arasındakı strateji müttəfiqliyə kölgə salmaq cəhdləri açıq şəkildə göz qabağındadır.
Görünən odur ki, Rusiya dairələri son 35-40 il ərzində ölkəmizdə bəslədikləri, müxtəlif imtiyazlar və rifahla təmin etdikləri təsir agentlərindən artıq bunun qarşılığını tələb edirlər. Azərbaycan–Türkiyə münasibətlərinin sarsılmaz birliyindən və regionda yaratdığı yeni reallıqlardan narahat olan qüvvələr məhz bu şəbəkəni səfərbər edərək daxildən zərbə endirməyə çalışırlar.
Məsələyə münasibət bildirən sosial şəbəkə istifadəçiləri də bu cür pozuculuq fəaliyyətinin cavabsız qalmayacağını vurğulayırlar. Qeyd olunur ki, dövlətimizə, bayrağımıza və Azərbaycan–Türkiyə qardaşlığına qarşı çıxanlar gec-tez həm ictimai qınaq, həm də qanun qarşısında cavab verməli olacaqlar.
İsmayıl Şahlı