Azərbaycanlı hərbçi kişi ilə erməni qadını yataqda – erməni mediası nəyi yaydı?
Ermənistanın informasiya resurslarında, o cümlədən "Armenia Today" kimi media platformalarında Sünik vilayətinin Şaki kəndi ilə bağlı yayılan məlumatlarda diqqətçəkən vizual təqdimat üsulundan istifadə olunur. Sözügedən paylaşımlarda azərbaycanlı hərbçi Nəsimi Musayev hərbi geyimdə, qarşı tərəf kimi təqdim olunan erməni qadın isə xəstəxana və ya yataq şəraitində əks etdirilir.
Media və informasiya təhlükəsizliyi baxımından bu cür vizual qarşılaşdırma təsadüfi xarakter daşımır və konkret psixoloji-təbliğat məqsədlərinə xidmət edir. İlk növbədə, beynəlxalq auditoriyada emosional təsir yaratmaq üçün bir tərəfin hərbi formada, digər tərəfin isə yataqda, köməksiz vəziyyətdə təqdim olunması klassik informasiya manipulyasiyası üsuludur. Bu yanaşma oxucuda hadisənin hüquqi və ya faktiki təfərrüatlarından əvvəl hazır emosional rəy formalaşdırmağa yönəlib.
Digər tərəfdən, kütləvi şüurda stereotiplərin möhkəmləndirilməsi də əsas hədəflərdən biridir. Hərbi geyimli kişi obrazı güc və təhlükə mənbəyi kimi kodlaşdırıldığı halda, yataqda uzanmış qadın görüntüsü "mülki əhalinin zərər görməsi" tezisini vizual olaraq gücləndirir. Eyni kadrın müxtəlif vaxtlarda və fərqli xəbər başlıqları altında təkrar-təkrar tirajlanması, məsələn, istintaqın başlanması və ya yekunlaşması xəbərlərində eyni vizualın saxlanılması informasiya yaddaşında bu obrazı sabitləşdirmək məqsədi güdür.
Bundan əlavə, sosial şəbəkə alqoritmlərində dramatik və kontrastlı fotolar daha çox reaksiya və paylaşım toplayır. Hərbi forma ilə xəstəxana çarpayısının eyni kollajda birləşdirilməsi xəbərin oxunma sayını artırmaq və daxili auditoriyada gərginliyi canlı saxlamaq vasitəsi kimi tətbiq edilir. Beləliklə, erməni mediasının eyni vizual şablonu davamlı şəkildə dövriyyədə saxlaması faktların obyektiv işıqlandırılmasından daha çox, emosional təsir gücünə malik təbliğat narrativinin qorunmasına xidmət edir.
İsmayıl Şahlı