Boşalmış kənd evləri - ata ocağına qaytımayan övladlar
Şamaxının Göylər kəndində yaşayan sakinlərin sayında azalma müşahidə olunduğu bildirilir. Kənddən köçənlərin sayının artması boş qalan evlərin və qıfıllanmış darvazaların çoxalmasına səbəb olur.
TodayPress TV xəbər verir ki, kənd sakinlərinin müşahidələrinə görə, Göylər əhalisi doğma yurda bağlılığı ilə seçilsə də, son illər kənddən köçənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Göylər sakinləri harada yaşamasından asılı olmayaraq, kəndlə əlaqələrini qorumağa, doğma yurdlarında ev tikməyə, xeyir və şər məclislərində, toy və yas mərasimlərində iştirak etməyə çalışırlar. Hətta dünyasını dəyişən kənd sakinlərinin yaxınları onların doğma kənd qəbiristanlığında dəfn olunmasına da nail olurlar.
Son illər kənddə yas mərasimləri ilə bağlı “qıfıllı darvazalar” ifadəsi də yaranıb. Belə ki, başqa yerlərdə yaşayan sakinlər uzun müddət kənddəki evlərində qala bilmirlər. Onlar yas mərasimindən sonra, adətən, “üç”dən, ən uzağı isə “yeddi”dən sonra evlərinin darvazalarını qıfıllayaraq yenidən yaşadıqları yerə qayıtmağa məcbur olurlar.
Bu yaxınlarda açıqlanan məlumata görə, hazırda Göylər kəndində 7750 nəfər yaşayır. Halbuki əvvəlki illərdə kənd əhalisinin sayının 10 mini çoxdan ötdüyü ehtimal edilirdi.
1981-ci ildə Şamaxı rayonunun Dağ Göylər kəndində 4952 nəfərin yaşadığını nəzərə alsaq, son 45 ildə əhalinin sayında daha böyük artım gözlənilirdi. Lakin kənd sakinlərinin fikrincə, əhali artımı baş versə də, kənddən köçlərin çoxalması demoqrafik vəziyyətə ciddi təsir göstərib.
Sakinlər hesab edirlər ki, kənddə məşğulluq imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması bu vəziyyətin dəyişməsinə kömək edə bilər. Onların arzusu ötən əsrin 70-80-ci illərində olduğu kimi, kənd küçələrində yenidən sıxlıq və canlanma görməkdir.
Beləliklə, Göylərdə boş qalan evlər və qıfıllı darvazalar təkcə köçün deyil, həm də doğma yurddan uzaq düşən insanların həyatının göstəricisinə çevrilir.
Zəhra Məmmədova



