Azərbaycan dərsliklərində tarixi səhvlər - Niyyət nədir?
8-ci sinif “Azərbaycan tarixi” dərsliyindəki tarixi faktlar, xəritələr və redaktə səhvləri müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, tarixçi alim, professor Zaur Əliyev dərslikdəki bəzi məlumatları təhlil edərək sosial şəbəkə hesabında iradlarını bölüşüb.
“Azərbaycan dərsliklərində tarixi səhvlər. Bunların niyyəti nədir?
Azərbaycanda dərsliklər ilə bağlı müzakirələr olması çox müsbət haldır. Buna artıq son qoymaq lazımdır. Uşaqların gələcəyini kimlərinsə qohum əqrabaları pul qazansın deyə məhv edə bilmərik. İstənilən dərsliyi açsaq kifayət qədər səhvlər görə bilərik. Bunlardan biri də 8-ci siniflər üçün keçirilən "Azərbaycan tarixi - 8"-dir.

Burda rast gəldiyim bəzi qeydləri etmək istəyirəm.
1) "Azərbaycanda ilk müstəqil xanlıq" bölməsinə nəzər salaq. "Nadir şahın ölümündən sonra... çoxlu sayda müstəqil xanlıq meydana gəldi. Belə xanlıqlardan biri hələ Nadir şahın sağlığında müstəqil olmağa təşəbbüs göstərən Şəki xanlığı idi”.
Əziz bu dərsliyi yazanlar. Əgər Şəki xanlığı hələ Nadir şahın sağlığında 1743-cü ildə, müstəqilliyini elan edib və qoruyub saxlayıbsa, onun 1747-ci ildə Nadir şahın ölümündən sonra yaranan xanlıqlardan biri kimi təqdim edilməsi və sadəcə "müstəqil olmağa təşəbbüs göstərən" kimi yazılması elmi cəhətdən ziddiyyətlidir. Çünki o, artıq 1743-cü ildə müstəqil xanlıq idi. kacionas
2) Fətəli xanın fəaliyyətindən bəhs edən bölmələrdə bəzi xanlıqların Qubaya birləşdirilməsi ilə sadəcə vassallıq anlayışları bir-birinə qarışdırılır. Bu isə gəncləri çaşdırır və ali məktəbə daxil olanda bilikləri tam olmur
3) Səfəvi-Osmanlı müharibələri (XVI-XVII əsrlər) və xanlıqlar dövrünə aid bəzi xəritələrdə göstərilən sərhədlər mətndə təsvir olunan inzibati bölgü ilə tam üst-üstə düşmür.
4) Dərslikdə Şah I Abbasın 1593-cü ildə mərkəzi Ərdəbil olan vahid Azərbaycan bəylərbəyiliyini yaratdığı qeyd olunur. Lakin həmin dövrdə Təbriz və Azərbaycanın böyük hissəsi 1590-cı il İstanbul müqaviləsinə əsasən Osmanlı imperiyasının tərkibində idi və Şah Abbas bu torpaqları yalnız 1603-1607-ci illərdə geri qaytara bilmişdi.
5) Şamaxı xanlığında Məhəmmədsəid və Ağası xanların hakimiyyətdə olması "ikihakimiyyətli xanlıq" kimi təqdim edilir. Tarixşünaslıqda isə bu, ayrıca bir dövlət quruluşu forması deyil, sadəcə xanlığın iki hissəyə bölünməsi və feodal ara müharibələrinin nəticəsi idi.
6) Pənahəli xanın 1747-ci ildə deyil, məhz 1748-ci ildə Bayat qalasını tikdirməsi ilə xanlığın əsasını qoyduğu yazılır. Halbuki o, 1747-ci ildə Nadir şahın ölümündən dərhal sonra Qarabağa qayıdaraq özünü müstəqil xan elan etmişdi.
7) Azərbaycanı iki yerə bölünməsi və ermənilərin köçürülməsi ilə bağlı Türkmənçay müqaviləsinə dair ciddi səhvlər var. Müqavilənin 15-ci maddəsinə əsasən ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi təsvir edilərkən, onların məhz hansı tarixi ərazilərə yerləşdirilməsi ilə bağlı statistik rəqəmlərdə müxtəlif paraqraflarda fərqli rəqəmlər göstərilir. Eyni zamanda Qacar dövləti idi, İran var idi o zaman dövlət kimi? Müqavilədə Qacar dövləti yazılıbsa niyə İran yazılır?
8) Cəlalilər hərəkatı həm feodal zülmünə qarşı kəndli üsyanı, həm də Osmanlı işğalçılarına qarşı azadlıq mübarizəsi kimi təqdim edilir. Halbuki tarixi mənbələrə görə, Cəlalilərin bir qismi sonradan Səfəvi sarayına sığınmış, digər qismi isə yerli əhalini qarət edən silahlı dəstələrə çevrilmişdi.
Texniki səhvlərə baxın: "Şah I Abbasm hərbi uğurları", Abbasın olmalıdır, 4-cü mövzuda isə "XVI əsrin ikinci yansı" "yarısı" kimi hərf səhvinə yol verilib. 15-ci mövzuda gürcü çarının adı "II İrakli" əvəzinə "Il trakli" kimi çap olunub.
Bunu bir yoxlayın da. Hərf və cümlə səhvlərini düzəltmək üçün redaktora ödəniş olur. Başdan etməyin də bu dərsliyi. Pul alırsınız axı. Halalıq olsun da.
Bunlar hələ qısa qeydlərdir. Görün ölkədə şagirdləri, gələcəyin İşığı olan uşaqları necə səhvlər ilə öyrədirlər. Ayıb olsun sadəcə”.
Zəhra Məmmədova