Bal arıları çiçəklər uğrunda rəqiblərini sıxışdırır - Alimlərdən maraqlı nəticə
Bal arıları vəhşi tozlandırıcılarla təkcə nektar toplama sürətinə görə deyil, həm də onları çiçəklərdən uzaqlaşdırmaqla rəqabət aparır.
TodayPress TV xəbər verir ki, bu davranış Böyük Britaniyanın Anqliya Raskin Universitetinin alimləri tərəfindən qeydə alınıb.
Alimlər iki il ərzində Kembricdə və onun ətrafında yerləşən beş ərazidə həşəratları müşahidə ediblər. Həmin ərazilərin hər biri arı ailəsindən 300 metrdən çox olmayan məsafədə yerləşib. Tədqiqatçılar nektar və tozcuğun mühüm mənbələri olan böyürtkən və sarmaşıq bitkilərinə qonmuş həşəratları araşdırıblar.
93 saatlıq müşahidə zamanı alimlər bir həşəratın digərinin qidalanmasına mane olduğu və ya çiçək üzərində onun yerini tutduğu halları qeydə alıblar. Həşəratlar bal arıları, bombuslar, tək yaşayan arılar, milçəklər və digər həşəratlar olmaqla qruplara ayrılıb.
Məlum olub ki, bal arılarının daha çox olduğu ərazilərdə digər tozlandırıcılara daha az rast gəlinib və rəqabət güclənib. Böyürtkən bitkiləri üzərində bal arılarının sıxlığının iki dəfə artması bombusların nisbi sayının təxminən 14 faiz azalması ilə əlaqələndirilib.
Aysel Mətləb