Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır

Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır
30.06.2026 20:46 Tədbirlər

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq genişlənir, Ağdamda sənaye və kənd təsərrüfatı sahələrində yeni birgə layihələr həyata keçirilir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

Samir Şərifov bildirib ki, hazırda Azərbaycan ilə Belarus arasında münasibətlər bir çox istiqamətlər üzrə sürətlə inkişaf edir.

Onun sözlərinə görə, ticarət-iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya və sənaye kooperasiyası sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Baş nazirin müavini qeyd edib ki, hər iki ölkənin iqtisadi potensialı və bir-birini tamamlayan imkanları əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

O əlavə edib ki, humanitar və mədəni əlaqələr də gündən-günə möhkəmlənərək xalqları daha da yaxınlaşdırır.

Samir Şərifov məmnunluqla bildirib ki, bu istiqamətdə artıq konkret layihələrin icrasına başlanılıb.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkında Belarusla birgə lift və eskalator istehsalı üzrə müəssisə yaradılır və burada istehsal olunacaq liftlər Ağdamda inşa edilən binalarda quraşdırılacaq.

Baş nazirin müavini bildirib ki, bununla yanaşı, Ağdam rayonunun Qızıl Kəngərli kəndində müasir quşçuluq kompleksinin layihələndirilməsi üzrə işlərə də başlanılıb.

O vurğulayıb ki, Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir və gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər