Süni intellekt üzrə 5 milli dövlət standartı qəbul edilib
Süni intellekt üzrə beynəlxalq təcrübəyə uyğun milli standartlar qəbul edilib.
TodayPress TV xəbər verir ki, bunu AZSTAND-ın müvafiq şöbə müdiri Firuzə Bəhri bildirib.
Onun sözlərinə görə, süni intellekt sahəsində beynəlxalq standartların hazırlanması ISO və IEC tərəfindən yaradılmış "ISO/IEC JTC 1" birgə texniki komitəsi və onun nəzdindəki "ISO/IEC SC 42" alt komitəsi çərçivəsində həyata keçirilir.
Milli səviyyədə isə bu prosesi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında yaradılan və JTC 1-in üzvü olan "İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Standartlaşdırma Texniki Komitəsi" (TK 05) icra edir.
Şöbə müdiri vurğulayıb ki, süni intellekt sahəsində 5 milli standart qəbul olunub.
Üç əsas qrupa (fundamental terminologiya, texniki-etik struktur və risklərin idarə olunması) bölünən bu standartlar etika, idarəetmə, təhsilin qiymətləndirilməsi, audit və sınaq məsələlərini əhatə etməklə texnologiyaların təhlükəsiz, məsuliyyətli və şəffaf tətbiqinə imkan yaradır.

Jalə Rövşən