Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq"

Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq"
05.08.2026 09:33 Xarici siyasət

Bakı regional məsələlərdə Türkiyə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir və Ankaranın iştirak etmədiyi heç bir platformada yer almayacaq.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Haber Global"a müsahibəsində vurğulayıb. 

Hikmət Hacıyev İran ətrafındakı gərginliyin yaxın vaxtlarda aradan qalxmasının çətin göründüyünü deyib.

Onun sözlərinə görə, Azərbaycan İranın sabitliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır, eyni zamanda sərhədin o tayında yaşayan soydaşların vəziyyətini xüsusi həssaslıqla izləyir.

"Türkiyənin iştirak etmədiyi heç bir masada olmayacağıq. Ankara ilə 24/7 açıq məsləhətləşmə və dialoq xəttimiz var. İranda yaşayan mülki şəxslər və türk əsilli insanlarla bağlı da Ankaradan müstəqil hərəkət etmirik", – deyə o bildirib.

Prezidentin köməkçisi, həmçinin Azərbaycan–İsrail münasibətlərinin Türkiyənin maraqlarına zidd istiqamətdə inkişaf etməyəcəyini vurğulayıb. O, Azərbaycanda İsrail hərbi bazalarının yerləşməsi və Bakının İsrail üçün "xilasedici xətt" olması ilə bağlı iddiaları dezinformasiya adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan Qəzzaya humanitar yardım göstərməyə davam edir, Ramallahda nümayəndəliyini saxlayır və Fələstinlə bağlı sosial layihələri dəstəkləyir. Hacıyev iki dövlətli həll modelinin Bakının dəyişməz mövqeyi olduğunu qeyd edib.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan regionda gərginliyin qarşısının alınması istiqamətində də vasitəçilik təşəbbüslərində iştirak edir və bu çərçivədə İsrail və Suriya nümayəndələri arasında Bakıda keçirilmiş görüşü mühüm addım kimi qiymətləndirib.

Rəsmi Zəngəzur dəhlizi ilə bağlı prosesin yekun mərhələyə çatdığını bildirərək qeyd edib ki, dəhliz üzrə vəziyyətin bu yay daha da aydınlaşacağı gözlənilir.

O, Türk Dövlətləri Təşkilatının iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığının gücləndiyini, Qarabağda isə minaların təmizlənməsi işlərinin uzun illər davam edə biləcəyini vurğulayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər