Murat Kurum: “Azərbaycanın təcrübəsi COP30 və COP31-ə ötürüldü”
COP31 prezidenti Murat Kurum Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib və COP29 dövründə toplanmış təcrübənin digər ölkələrə ötürülməsinə görə Muxtar Babayevə təşəkkür edib.
TodayPress TV xəbər verir ki, Murat Kurum bu barədə Antalyada COP31 çərçivəsində keçirilən “Keçmiş COP sədrlərinin birgə bəyanatı” tədbirində çıxış edərkən bildirib.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi birgə fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanın COP29-a sədrliyi zamanı əldə olunan təcrübə və biliklərin COP30 və COP31 sədrliklərinə ötürülməsini xüsusi qeyd edib.
Murat Kurum Bakıda keçirilən COP29-un nəticələrindən danışarkən iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbulunu mühüm nailiyyət adlandırıb.
O, həmçinin COP29-da Paris Sazişinin 6-cı maddəsinin icrasına dair qaydalar üzrə razılığın əldə olunduğunu xatırladıb. Bildirib ki, hazırda əsas vəzifə qəbul edilmiş qərarları ölkələr və insanlar üçün konkret nəticələrə çevirməkdir.