Azərbaycan, Ermənistan və Gürcüstan ekspertləri Tokioda bir araya gəldi

Azərbaycan, Ermənistan və Gürcüstan ekspertləri Tokioda bir araya gəldi
10.11.2026 14:25 Xarici siyasət

Tokioda Azərbaycan, Ermənistan və Gürcüstan ekspertləri Cənubi Qafqazın geosiyasi perspektivlərini və Yaponiya ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da Tokioda “Yaponiyanın və Cənubi Qafqaz regionunun geosiyasi perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Görüş oktyabrın 28-dən 30-dək təşkil olunan Cənubi Qafqaz ölkələrindən ekspertlərin dəvəti proqramı çərçivəsində baş tutub.

Dəyirmi masada Azərbaycanı Qafqaz Siyasətinin Təhlili Mərkəzinin direktoru Əhməd Əlili, Ermənistanı Ermənistan Şurasının prezidenti Areq Koçinyan, Gürcüstanı isə İlia Dövlət Universitetinin dosenti və Yaponiya Mərkəzinin rəhbəri Caba Mesxişvili təmsil edib. Tədbirdə Keyo Universitetinin professoru Yoko Hirose də iştirak edib.

İştirakçılar Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlı çağırışları, regional əməkdaşlığın və iqtisadi inkişafın gücləndirilməsi imkanlarını, həmçinin Yaponiya ilə region ölkələri arasında əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Proqram çərçivəsində ekspertlər Sasakava Sülh Fondunun Mediasiyaya Dəstək Mərkəzini də ziyarət edib, mərkəzin nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, proqramın məqsədi strateji geosiyasi əhəmiyyətə malik Cənubi Qafqazın sabitliyinə və müstəqil inkişafına dəstək vermək, eləcə də Yaponiyanın region ölkələri ilə münasibətlərini möhkəmləndirməkdir.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər