Zəka ilə azad edilən Laçın: "Artıq Həkəri çayı qan ağlamır”

Zəka ilə azad edilən Laçın: "Artıq Həkəri çayı qan ağlamır”
26.08.2026 12:06 Təhlil

Avqustun 26-da Azərbaycanın zəfər salnaməsində xüsusi yeri olan Laçın Şəhəri Günü qeyd olunur.

TodayPress TV xəbər verir ki, bu tarixi günlə bağlı Milli Məclis sədrinin müavini Musa Qasımlı fikirlərini bölüşüb.


Onun sözlərinə görə, 26 avqust tarixi yalnız Laçın sakinlərinin deyil, bütün Azərbaycan xalqının qürur bayramıdır.

O, Laçının işğalı və dinc yolla azad olunması arasındakı tarixi paralellərə diqqət çəkib:

"Relyefinə görə Laçın rayonunu işğalçılardan qorumaq mümkün olsa da, dövlətin və millətin taleyindən ötrü məsuliyyəti üzərinə götürmüş şəxslər bunu bacarmadılar. Bilmədilər ki, işğal edilmiş Laçını azadlığa qovuşdurmaq nə qədər çətin olacaqdır. 1992-ci il mayın 18-də Laçın işğal edildi. Laçını işğaldan hərbi yolla azad etmək yenə də relyefinə görə onu qorumadan qat-qat çətin idi. Hərbi əməliyyatlar minlərlə azərbaycanlı hərbçinin şəhid olmasına gətirib çıxaracaqdı".

Milli Məclis sədrinin müavini 44 günlük Vətən müharibəsi və ardınca atılan diplomatik addımların bu mürəkkəb vəzifəni necə həll etdiyini xüsusi vurğulayıb:

"2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində imzalanan üçtərəfli bəyanatla Laçın dekabrın 1-də Azərbaycana qaytarıldı. Azərbaycan Silahlı Qüvvələrinin 2022-ci il avqustun 26-da bir güllə atmadan şəhərə daxil olması sadəcə bir rayonun azad edilməsi deyil, eyni zamanda dövlət sərhədlərinin bərpası anlamına gələn tarixi hadisə idi. Tariximizdə nadir hadisələrdən biri olan Laçının dinc yolla azad edilməsi həm də idarəçilərin fəaliyyəti arasındakı fərqi göstərir. Laçının döyüşsüz azad edilməsi mümkün olmayanın mümkün edilməsi və zəkanın qələbəsi idi".

Musa Qasımlı Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunan bu əlamətdar günün gələcək nəsillər üçün ibrət dərsi olduğunu diqqətə çatdırıb:

"Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə təsis edilən şəhər günlərinin siyahısında 26 avqust tarixinin Laçın şəhəri günü elan olunması yalnız Laçın sakinlərinin şəhər günü anlamına gəlmir. Bütün millətimizin bayramı olan bu gün həmin tarixin yaddaşlara hopdurularaq gələcək nəsillərə ötürülməsidir, geri dönüb baxmağa, yaxın tariximizə dərindən nəzər yetirməyə, haradan haraya gəldiyimizi dərk etməyə, düzgün nəticələr çıxarmağa və ibrət dərsləri almağa vadar edir".

Sonda vitse-spiker işğaldan sonra bölgədə aparılan genişmiqyaslı quruculuq işlərini vurğulayaraq rayonun parlaq gələcəyinə inamını ifade edib:

"İşğaldan azad edildikdən qısa müddət sonra Laçında aparılan inanılmaz tikinti-quruculuq işləri, dağların partladılaraq yeni yolun tikintisi, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, ən başlıcası, insanların dədə-baba torpaqlarında dövlət büdcəsi hesabına tikilmiş müasir evlərə köçürülməsi, yurd həsrətinə son qoyulması, rayona həyatın qayıtması, Laçın dağlarında, Həkəri çayının sahilində turizmin inkişafına imkanların yaradılması daha yaxşı günlərdən xəbər verir. Artıq Həkəri çayının suları qan ağlamır, şəffafdır. Laçın dağlarının başını qara buludlar örtməyib, dağların arxasından doğan Günəş torpağa hərarət verir... Laçın şəhər günümüz mübarək olsun!", - deyə parlamentari fikrini tamamlayıb

Xatırladaq ki, 1992-ci il mayın 18-də işğal olunan Laçın şəhərində 2022-ci il avqustun 26-sı tarixində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər