Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək?

Yunanlar adalara silahlar yığır  - Türkiyə təhdidə necə cavab verəcək?
24.07.2026 16:30 Təhlil

Yunanıstan bu həftə İsrail texnologiyasına əsaslanan "Achilles Shield" adlı çoxqatlı hava müdafiə sistemini təsdiqləyib. Sistemə İsrail istehsalı radarlar və "Spyder", "Barak MX", "David's Sling" kimi raket kompleksləri daxildir.

Rəsmi məlumatlarda bildirilir ki, Şərqi Egey adalarında yerləşən mövcud radar və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri daha da gücləndiriləcək.

Bu addım Lozanna Müqaviləsini pozur. Belə ki, müqavilə Yunanıstan adalarının (xüsusilə Türkiyəyə yaxın adaların) hərbiləşdirilməsini, yəni orada hərbi baza, ağır silah və raket sistemlərinin yerləşdirilməsini qadağan edir.

Bəs İsrailin Egey adalarını hərbi baza kimi istifadə etmək cəhdi Türkiyəyə qarşı açıq təhdiddirmi?

Sözügedən məsələ ilə bağlı türkiyəli politoloq, beynəlxalq əlaqələr üzrə ekspert İsmail Cingöz TodayPress TV-yə danışıb.


O bildirib ki, Yunanıstanın Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən və İsrail radarları ilə "SPYDER", "Barak MX" və "David's Sling" kimi çoxqatlı hava hücumundan müdafiə elementlərini özündə birləşdirən "Achilles Shield" (Axilles Qalxanı) layihəsi Türkiyə baxımından Egey və Şərqi Aralıq dənizindəki hərbi və geosiyasi tarazlıqlara birbaşa təsir göstərə biləcək strateji inkişafdır. Türkiyə üçün əsas məsələ bu sistemlərin hansı bölgələrdə yerləşdiriləcəyidir.

"Türkiyənin əsas yanaşmasına görə, Lozanna Sülh Müqaviləsi və digər müvafiq beynəlxalq müqavilələrə əsasən, Şərqi Egey adalarının bir qismi silahsızlaşdırılmış statusda qalmalıdır. Buna baxmayaraq, Yunanıstan uzun illərdir bu adaları faktiki olaraq hərbiləşdirir, burada ağır silahlar, hərbi birləşmələr və təkmilləşdirilmiş müdafiə sistemləri yerləşdirir. Ankara bu addımları beynəlxalq hüquqa və müqavilə şərtlərinə zidd kimi qiymətləndirir", – analitik vurğulayıb.

Ekspert qeyd edib ki, bu çərçivədə İsrail texnologiyasının dövrəyə girməsi mövcud hərbiləşməni yeni və daha yüksək mərhələyə daşıyır.

Çünki müasir radar sistemləri elektron kəşfiyyat, erkən xəbərdarlıq, hədəfin müəyyənləşdirilməsi və geniş əraziləri müşahidə imkanları təmin etməklə strateji üstünlük yaradır.

"Türkiyə sahillərindən cəmi bir neçə kilometr məsafədə yerləşən adalarda bu növ radar və raket sistemlərinin yerləşdirilməsi Türk hava və dəniz qüvvələrinin fasiləsiz müşahidə olunmasına imkan yarada biləcəyi kimi, böhran anlarında Türkiyənin hərəkət sərbəstliyinə də təsir göstərə biləcək hərbi infrastrukturun formalaşmasına gətirib çıxara bilər. Bu səbəbdən Ankaranın belə bir inkişafı milli təhlükəsizliyinə qarşı birbaşa risk kimi qiymətləndirməsi tamamilə başa düşülən yanaşmadır", – İsmail Cingöz deyib.

Politoloq bildirib ki, İsrail–Yunanıstan müdafiə əməkdaşlığının Egey dənizinə daşınması, eyni zamanda Şərqi Aralıq dənizində son illərdə formalaşan strateji bloklaşmanın hərbi sahədə daha çox özünü göstərdiyini nümayiş etdirir.

"Məsələ təkcə Yunanıstanın müdafiə potensialını artırması deyil. Məsələ Türkiyənin təhlükəsizlik mühitində üçüncü ölkələrin yüksək texnologiyalı hərbi sistemlərinin daimi əsaslarla yerləşdirilməsidir.

Türkiyənin milli hava hücumundan müdafiə sistemlərini, elektron mübarizə imkanlarını, uzaqmənzilli raket layihələrini və inteqrasiya olunmuş erkən xəbərdarlıq şəbəkələrini daha da inkişaf etdirməsi qaçılmaz görünür. Son illərdə "SİPER", "HİSAR", "KORKUT", "Çelik Kubbe" layihəsi, eləcə də milli radar sistemlərinə qoyulan sərmayələr də bu təhlükəsizlik anlayışının əyani göstəricisidir". 

O, həmçinin əlavə edib ki,  Yunanıstanın suveren dövlət kimi hava hücumundan müdafiə sistemi əldə etməsi normaldır:

"Burda əsas problem beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış statusa malik adaların yüksək texnologiyalı radar və raket sistemləri ilə hərbiləşdirilməsi və bununla da Egeydəki həssas hərbi tarazlığın Türkiyənin əleyhinə dəyişdirilməsinə cəhd edilməsidir. Belə bir proses yalnız Türkiyə–Yunanıstan münasibətlərinə deyil, NATO-nun cənub cinahındakı təhlükəsizlik memarlığına və Şərqi Aralıq dənizinin gələcək geostrateji tarazlığına da birbaşa təsir etmək potensialına malikdir". 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Yunanlar adalara silahlar yığır  - Türkiyə təhdidə necə cavab verəcək? — 1
XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər